...

ADA-dan İrəvana mesaj: Ermənistan Prezident İlham Əliyevin çağırışlarından nəticə çıxarmalı, regional sülh üçün konkret addımlar atmalıdır – ŞƏRH

Siyasət Materials 11 Aprel 2025 18:30 (UTC +04:00)
ADA-dan İrəvana mesaj: Ermənistan Prezident İlham Əliyevin çağırışlarından nəticə çıxarmalı, regional sülh üçün konkret addımlar atmalıdır – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universitetində beynəlxalq siyasətin müzakirəsinə həsr olunan yeddinci beynəlxalq forumda maraqlı mesajlar verildi. Rekord sayda iştirakçının qatıldığı toplantıda Prezident İlham Əliyevə ünvanlanan suallar regional və qlobal münaqişələr fonunda dünyanın gələcəyi, Azərbaycanın cərəyan edən proseslərdə rolu ilə bağlı idi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nigar Məmmədova deyib.

O bildirib ki, forumda Cənubi Qafqaza uzunmüddətli baxışa dair Azərbaycanın mövqeyinə diqqət çəkildi:

“Bir daha bəyan olundu ki, məhz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi.

“Bizim hamımızın buna imkanı var idi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir. Azərbaycan və Ermənistan arasında saziş imzalandığı təqdirdə, əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq”. Prezident İlham Əliyev bu kontekstdə diqqəti Ermənistanın silahlanmasına yönəltdi.

Təbii ki, bu proses silahlanma fonunda baş verə bilməz. Rəsmi Bakı açıq şəkildə xəbərdarlıq edir ki, Ermənistanın ölümcül silahlarla silahlanması regionda sülh və sabitliyə yox, yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir”.

N.Məmmədova əlavə edib ki, bu reallıqlar fonunda Azərbaycan yeni siyasi qarşıdurma təhlükəsi görür.

“Yəni son 5 ilin mənzərəsi onu deməyə əsas verir ki, postmüharibə vəziyyətinin necə inkişaf etməsi Ermənistanın davranışından asılıdır. Tərəflər arasında etimadın qurulması isə kiçik addımlarla başlaya bilər. Qərb dairələrinin anti-Azərbaycan fəaliyyətinə də toxunan dövlət başçısı Avropada Cənubi Qafqazda ayrıcı xətlər yaratmaq istəyən bəzi qüvvələrin səylərinin heç bir nəticə verməyəcəyini vurğuladı”, - deyə millət vəkili fikrini yekunlaşdırıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova isə Trend-ə açıqlamasında deyib ki, forumda diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin son zamanlar Ermənistanın müharibəyə hazırlaşması məsələsinə toxunmasıdır:

“Ermənistanın dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlət başçısı diqqətə çatdırdı ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin xəbərdarlıq və çağırışlarından ciddi nəticə çıxarmalı, regional sülh və təhlükəsizlik üçün konkret addımlar atmalıdır”.

Millət vəkili vurğulayıb ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycanın “dəmir yumruğ”u qarşısında hər zaman acizdir:

“Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil”, - deyən dövlət başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və belə bir fikrə gəldikdə Ermənistanı dərhal cəzalandırmağa hər an hazır olmalıyıq. Prezident İlham Əliyevin bu fikirləri Ermənistana və onun havadarlarına növbəti mesajdır”.

S.Salmanova əlavə edib ki, Prezident İlham Əliyev dəfələrlə müxtəlif platformalarda Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb.

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı olub. Azərbaycan Prezidenti bu təklifi etməklə dünya tarixində ilkə imza atıb. Çünki qalib tərəfin məğlub tərəfə sülh təklifinə heç vaxt rast gəlinməyib. Bu, Azərbaycanın, onun liderinin humanistliyindən xəbər verir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir. Onlar ATƏT-in Minsk qrupunu ləğv və Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Ancaq bu halda sülh müqaviləsi imzalana bilər. İndi isə seçim Ermənsitanındır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti