Bakı. Trend:
Azərbaycan Almatı prosesinin regional əməkdaşlığın təşviqindəki rolunu uğurlu şəkildə gücləndirib.
Trend xəbər verir ki, bunu Tacikistanın Əmək nazirinin müavini Şahnoza Nodiri Erken Bakıda keçirilən Almatı Prosesinin III nazirlər konfransında etdiyi çıxış zamanı bildirib.
"Nisbətən qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Almatı prosesi artıq Mərkəzi Asiya ölkələri üçün əsas regional platforma kimi öz əhəmiyyətini təsdiqləyib. Bu, informasiya və xidmət mübadiləsi, potensialın artırılması, həmçinin miqrasiya və məcburi köçkünlük məsələlərinə dair razılaşdırılmış yanaşmaların hazırlanması üçün səmərəli foruma çevrilmişdir", – deyə o bildirib.
Ş. Nodiri Almatı prosesində effektiv və məqsədyönlü sədrliyinə görə, Azərbaycana səmimi qəlbdən təşəkkürünü ifadə edib.
"Azərbaycanın sayəsində Almatı prosesi miqrasiya məsələləri üzrə dialoq və əməkdaşlıq üçün fəal və inklüziv platforma olaraq qalmışdır. Sədrliyi dövründə Azərbaycan Almatı prosesinin regional əməkdaşlığın irəlilədilməsində rolunu uğurla gücləndirmişdir. Azərbaycanın rəhbərliyi altında proses yeni impuls qazanmış, siyasi fəaliyyət və iştirakçılıq bərpa olunmuşdur. Bütün dövlətlərin və iştirakçıların prosesə yenidən qoşulması qarşılıqlı etimad və anlaşmanı artırmışdır", – deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın sədrliyi çərçivəsində keçirilmiş mövzu ilə əlaqədar toplantılar miqrasiyanın səmərəli şəkildə idarə edilməsi kimi aktual məsələlərin müzakirəsinə həsr olunub.
"Bu yalnız nəticələrin əldə olunmasına deyil, eyni zamanda ümumi məsuliyyət hissinin möhkəmlənməsinə də səbəb oldu. Sədrlik həmçinin, Almatı prosesinin institusional inkişafına töhfə verməklə onun idarə olunması və fəaliyyətinin daha strukturlaşdırılmış və dayanıqlı yanaşmalarla həyata keçirilməsinə şərait yaratdı", – deyə o əlavə edib.