Bakı. Trend:
23-24 iyul 2025-ci il tarixlərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi ilə, eləcə də COP30 sədri kimi Braziliya ilə əməkdaşlıq çərçivəsində Şamaxıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrləri, eləcə də UNFCCC-yə tərəf olan bəzi dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərinin ikinci qeyri-rəsmi Şamaxı toplantısı keçirilib.
Bu barədə Trend-ə XİN-in
Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə 34 ölkə və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə
iştirak edib. Dövlətlər nazir, nazir müavini, Prezidentlərin iqlim
üzrə elçiləri, UNFCCC danışıqlar qruplarının və Tərəf dövlətlərin
nümayəndə heyətlərinin rəhbərləri və digər yüksək səviyyəli
formatlarda təmsil olunub.
Keçən ilin iyul ayında eyni formatda keçirilmiş birinci Şamaxı
toplantısının COP29-un qərarlarının qəbuluna verdiyi mühüm töhfə
diqqətə alınaraq, eyni formatın cari ildə də davam etdirilməsinə
qərar verilib. Builki Şamaxı toplantısının mövzusu da keçən il
olduğu kimi iqlim danışıqlarının gündəliyində olan əsas
istiqamətlərə və Azərbaycan və Braziliyaya COP29-da verilmiş birgə
mandata uyğun olaraq iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına
qaldırılması ilə bağlı “Bakıdan Belemə 1,3 Trilyon Yol Xəritəsi”
sənədinin hazırlanmasına fokuslanıb.
Bu çərçivədə, toplantıda UNFCCC Köməkçi Orqanlarının Bonn-da
keçirilmiş 62-ci sessiyasının nəticələri, həmin müzakirələrdə
qarşıya çıxan əsas çətinliklərin həlli yolları və bunların
Braziliyada baş tutacaq COP30-da qərarların qəbuluna mümkün
töhfəsinə dair qeyri-rəsmi fikir mübadiləsi aparılıb.
Tədbirdə iştirak edən bütün nümayəndələr aparılmış müzakirələri
yüksək qiymətləndirib, nümayəndə heyətlərinin başçılarının
qeyri-rəsmi Şamaxı toplantısının dayanıqlı platformaya çevrilməsinə
geniş dəstək ifadə olunub.
Toplantının açılış mərasimində COP29-un Prezidenti, Azərbaycan
Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar
Babayev, xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı
Yalçın Rəfiyev və COP30-un baş danışıqçısı səfir Liliam Çaqas çıxış
ediblər.
Tədbir COP29 və COP30-un baş danışıqçıları ilə yanaşı, Pakistanın iqlim dəyişmələri və ətraf mühitin koordinasiyası naziri Musadik Məsud Malik və UNFCCC-nin İcra üzrə Yardımçı Orqanının sədri Julia Qardinerin bağlanış çıxışları ilə yekunlaşıb.