Bakı. Trend:
İsrail və Azərbaycan arasında qeyri-enerji sektorunda xarici ticarətin həcmi iki dəfədən çox artıb - 2021-ci ildəki 121 milyon dollardan 2024-cü ildə 243 milyon dollara çatıb.
Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik diplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilən brifinqdə deyib.
"İsraildən Azərbaycana turizm səfərləri 2025-ci ildə sürətlə artır. Biz 50 min israilli turist rekordunu qırmağı gözləyirik - bəlkə də, bu rəqəmi iki dəfə də artır. Bu gün AZAL gündə iki birbaşa, yəni həftədə 14 reys həyata keçirir. Bu, görünməmiş rəqəmdir", - diplomat qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı da fəal inkişaf edir.
"Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR ölkənin ən böyük qaz yataqlarından biri olan Tamarda 10 faiz almaqla, İsrailə strateji investisiyalar yatırıb. Bundan başqa, SOCAR İsrail sahillərində qaz kəşfiyyatı üzrə tenderin qalibi olub", - Corc Dik deyib.
O, həmçinin, su ehtiyatları sahəsində əməkdaşlıqda uğurları xüsusi vurğulayıb: İsrailin Milli Su Şirkəti Azərbaycanın Su Xidməti ilə fəal əməkdaşlıq edir, İsrail şirkətləri isə ölkənin ehtiyacları üçün peyk sistemlərinin hazırlanmasında iştirak edirlər.
Səfirin sözlərinə görə, İsrail investisiyaları və texnologiyaları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına töhfə verir. O cümlədən, İsrail şirkətlərindən biri Yevlaxda regionun ən böyük quşçuluq fabrikini tikib. Şamaxı yaxınlığında israilli mütəxəssislərin iştirakı ilə südçülük müəssisəsi tikilir ki, bu da tezliklə Cənubi Qafqazda ən böyük müəssisəyə çevriləcək.
Bundan əlavə, İsrailin əczaçılıq şirkəti Ələt Azad İqtisadi Zonasında ultra müasir zavod açıb ki, bu da Azərbaycanın iqtisadi inkişafına növbəti mühüm töhfə olub.