Bakı. Trend:
Böyük Britaniya hökuməti Avstraliya ilə 50 illik strateji müqavilə imzalamağa hazırlaşır.
Trend-in məlumatına görə, bu müqavilə AUKUS təhlükəsizlik tərəfdaşlığını daha da dərinləşdirməyi nəzərdə tutur.
Rəsmi bəyanatda bildirilir ki, London və Kanberra arasında əldə olunmuş razılaşma növbəti 25 ildə təxminən 20 milyard funt sterlinq (təxminən 27 milyard dollar) həcmində yeni ixrac imkanları yaradacaq.
“Yeni 50 illik AUKUS müqaviləsi Böyük Britaniya və Avstraliyanın sualtı proqramlarını dəstəkləyəcək, hər iki ölkədə on minlərlə iş yerinin yaranmasına şərait yaradacaq, sənaye potensialını artıracaq və **müttəfiqləri qoruyan müasir sualtı qayıqların hazırlanmasını təmin edəcək”, – deyə bəyanatda vurğulanır.
Müqavilənin iyulun 25-də Böyük Britaniyanın müdafiə naziri Con Hili və xarici işlər naziri Devid Lemminin Avstraliyaya səfəri zamanı imzalanacağı gözlənilir.