Bakı. Trend:
Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması ilə bağlı həm hüquqi, həm də texniki mexanizmlərin formalaşdırılması üzrə kompleks hazırlıq tədbirləri görülür.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, “Tibbi sığorta haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara edilən dəyişikliklər icbari tibbi sığorta sistemində dərman təminatına dair yeni mexanizmlər formalaşdırıb:
"Hazırda bu mexanizmlərin praktiki tətbiqi üçün zəruri olan normativ sənədlər aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər Zərfinə sözügedən istiqamətdə dəyişikliklər və pozitiv dərman siyahısının tərtibi üçün hüquqi və texniki məsələlər icra olunur".
Qeyd edilib ki, dərmanların yalnız elektron resept əsasında verilməsi nəzərdə tutulduğundan, texnoloji sistemlərin uyğunlaşdırılması da paralel olaraq həyata keçirilir.
"Elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması üçün texniki işlər aparılır.
Dərman təminatı ilə bağlı hazırlıqlar təkcə icra xarakterli addımlar deyil, həm də sağlamlıq sisteminin inkişafına yönəlmiş mühüm prosesdir. Proses tamamlandıqdan sonra icbari tibbi sığorta hesabına dərman təminatı mərhələli şəkildə tətbiq ediləcək", - deyə əlavə edilib.