Bakı. Trend:
Gələcəkdə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) digər inkişaf etmiş bazarlarda da bərpa olunan enerji və strateji infrastruktur sahəsində investisiya imkanlarının dəyərləndirilməsini planlaşdırır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.
"Enerji keçidi, rəqəmsallaşma və logistika kimi qlobal trendlər Fondun investisiya gündəmində əsas istiqamətlərdən biridir və bu çərçivədə həm birbaşa, həm də müştərək investisiya formatlarında strateji təşəbbüslərlə çıxış etməyə davam edəcəyik", - Fonddan vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Enfinity Global” şirkətinə məxsus 402 MVt-lıq günəş enerjisi portfelində pay əldə etməsi, Fondun uzunmüddətli və məsuliyyətli institusional investor kimi həm maliyyə dayanıqlılığına, həm də qlobal enerji keçidinə verdiyi strateji töhfənin bariz nümunəsidir: "Bu investisiya nəticəsində hər il təqribən 685 milyon kilovat-saat təmiz enerji istehsalı və 185 min tona yaxın karbon emissiyasının azaldılması nəzərdə tutulur. Eyni zamanda, layihə İtaliyanın enerji təhlükəsizliyinə, əhalinin enerji təminatına və Avropa İttifaqının REPowerEU planına dəstək verir".
Məlumatda vurğulanıb ki, Fond üçün bu investisiya coğrafi diversifikasiyanın və real aktivlər portfelinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
"Uzunmüddətli enerji alqı-satqı müqavilələrinə (PPA) əsaslanan bu layihə proqnozlaşdırıla bilən və inflyasiyaya uyğunlaşdırılmış gəlir axınları təmin etməklə Fondun maliyyə sabitliyini gücləndirir. Bundan əlavə, bu tərəfdaşlıq ARDNF-yə İtaliya kimi əsas bir bazarda mövqeyini möhkəmləndirməyə və dayanıqlı enerji sahəsində ekspertizasını daha da dərinləşdirməyə imkan yaradır", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, cari ilin iyulun 18-də Romada Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə “Enfinity Global” şirkəti arasında sövdələşmənin bağlanması mərasimi keçirilib. Tədbirdə İtaliya hökumətinin nümayəndələri, diplomatlar və media təmsilçiləri iştirak ediblər. Mərasimdə ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov, “Enfinity Global”ın Avropa üzrə rəhbəri Xulio Furnye Fisas və İtaliyanın Sahibkarlıq və “Made in Italy” proqramı üzrə Nazirliyinin Bazarların Müdafiəsi Departamentinin direktoru Amedeo Teti iştirak ediblər.
Sövdələşmə çərçivəsində SOFAZ “Enfinity Global” şirkətinə məxsus ümumi gücü 402 MVt olan günəş elektrik stansiyaları portfelinin 49 faizini əldə edib. Şirkət isə 51 faizlik nəzarət payını saxlayaraq aktivlərin uzunmüddətli idarəçiliyini davam etdirəcək.