Bakı. Trend:
Tailandla davam edən münaqişə nəticəsində Kambocada 12 nəfər həyatını itirib. Qurbanların 7-si mülki şəxs, 5-i hərbçidir.
Trend xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı kambocalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, ən azı 50 kambocalı mülki şəxs və 20-dən çox hərbçi xəsarət alıb. Eskalasiyalar nəticəsində hər iki ölkədən ümumi itki sayı 32 nəfərə çatıb.
Tailand isə son iki gün davam edən döyüşlər nəticəsində 13 mülki vətəndaşın, o cümlədən uşaqların və altı hərbçinin həlak olduğunu açıqlayıb. Kamboca hücumları nəticəsində əlavə olaraq 29 tailandlı hərbçi və 30 mülki şəxs də yaralanıb.
Kambocanın “The Khmer Times” qəzeti, Preah Vihear vilayətindəki yerli rəsmilərə istinadla ölkənin şimal sərhədindən, Tailandla sərhəd bölgəsindən təxminən 20.000 sakinin təxliyə edildiyini bildirib.
Tailand rəsmilərinin məlumatına görə, Tailandın sərhəd bölgələrindən 138.000-dən çox insan təxliyə olunub və təxminən 300 təxliyə mərkəzi yaradılıb. Tailand Kamboca ilə sərhəddə yerləşən səkkiz rayonda hərbi vəziyyət elan edib.
Xatırladaq ki, onilliklərdir davam edən münaqişə Tailand və Kamboca sərhədinin mübahisəli hissəsi ətrafında cərəyan edən qarşıdurma iyulun 24-də yenidən alovlanıb. Belə ki, sərhəd boyunca baş verən mina partlayışı nəticəsində beş tailandlı əsgər yaralanıb.