Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti
cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş
mərasimdəki çıxışı bir daha göstərdi ki, idmanın inkişafı ölkəmizdə
təsadüfi proses deyil, ardıcıl və strateji dövlət siyasətinin
nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu il
idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə
çatıb və beynəlxalq arenalarda 2000-dən çox medal, o cümlədən
600-dən artıq qızıl medal əldə olunub. Bu göstəricilər təkcə
statistik uğur deyil, eyni zamanda uzun illər ərzində həyata
keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir. İdmanın
inkişafına göstərilən diqqət və qayğı, bu sahədə uğurla aparılan
dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır və
idmanda əldə edilən nailiyyətlərin əsas ideoloji təməlini aydın
şəkildə ifadə edir.
Bu sözləri Trend-ə
verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov
deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, dövlət
başçısının öz çıxışında xüsusi olaraq idman infrastrukturunun
yaradılması məsələsinə toxunması da təsadüfi deyil: “Cənab
Prezident İlham Əliyev ölkəmizdə idman infrastrukturunun demək olar
ki, sıfırdan qurulduğunu və bu gün ən yüksək səviyyəyə çatdığını
xüsusi vurğuladı. Gəncə və Yevlaxda yeni Olimpiya İdman
Komplekslərinin istifadəyə verilməsi və bölgələrdə bu komplekslərin
sayının 46-ya çatdırılması dövlətin regionların balanslı inkişafına
verdiyi önəmi göstərir. Bu, təkcə idman uğurlarına deyil, eyni
zamanda sosial rifaha, gənclərin sağlam həyat tərzinə cəlb
olunmasına xidmət edir. Dövlət başçısının çıxışında qeyd olunduğu
kimi, bu gün artıq bütün bölgələrdə idmanla məşğul olmaq üçün hər
cür şərait var və bu amil kütləvi idmanın inkişafını
stimullaşdırır. Beləliklə, cənab Prezidentin çıxışı idmanın
Azərbaycanda dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsinə
çevrildiyini təsdiqləyir. Dünya və Avropa çempionatlarından, ən
mötəbər beynəlxalq idman yarışlarından ölkəyə gələn medalların
sayının artması, infrastrukturun genişlənməsi və gənclərin idmana
marağının yüksəlməsi bir zəncirin həlqələri kimi bir-birini
tamamlayır” – deyə, Kamaləddin Qafarov fikirlərini tamamlayıb.
İdman sahəsində uğurla aparılan dövlət siyasəti ildən-ilə daha yüksək nəticələrə gətirib çıxarır - Kamaləddin Qafarov
Foto: Kamaləddin Qafarovun şəxsi arxivi