Bakı. Trend:
Yanvarın 5-də Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə ölkənin daxili və xarici siyasətinin əsas istiqamətləri ilə yanaşı, enerji sektorunda həyata keçirilən islahatlara və strateji hədəflərə də aydınlıq gətirdi.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı məqamlar bir daha təsdiqlədi ki, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf Azərbaycan üçün prioritet istiqamətlərdəndir:
“Azərbaycan son illərdə enerji sektorunun modernləşdirilməsi və diversifikasiyası istiqamətində ciddi və ardıcıl addımlar atır. Ölkə balanslı enerji siyasəti yürüdərək həm neft-qaz resurslarına əsaslanan istehsalı qoruyur, həm də bərpa olunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirir”.
Deputat qeyd edib ki, son illərdə Azərbaycanda bərpa olunan enerjiyə böyük investisiyalar yatırılır və bu sahədə geniş investisiya imkanları formalaşıb:
“2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan mənbələrin payının 30 faizə çatdırılması qarşıya mühüm hədəf kimi qoyulub. Bu məqsədlə Qaradağda günəş elektrik stansiyası, Zəngilanda və Laçında külək və hidroelektrik layihələri uğurla icra olunur. Bu layihələr təkcə enerji istehsalını artırmır, eyni zamanda regionların sosial-iqtisadi inkişafına da töhfə verir”.
A.Həsənova vurğulayıb ki, bu gün Azərbaycanın elektrik enerjisi Gürcüstan, Türkiyə, İran və Rusiya kimi qonşu ölkələrə ixrac olunur:
“Bakı artıq regional enerji təhlükəsizliyində mühüm aktora çevrilib. Köhnə istilik stansiyalarının modernləşdirilməsi, müasir idarəetmə və rəqəmsal sistemlərin tətbiqi enerji istehsalında effektivliyi və şəffaflığı əhəmiyyətli dərəcədə artırıb”.
A.Həsənova xüsusi olaraq “8 Noyabr” Elektrik Stansiyasının əhəmiyyətinə də toxunub. Onun fikrincə, stansiyanın Zəfər Gününün adı ilə adlandırılması sadəcə rəsmi qərar deyil, bu addım Azərbaycanın milli qürurunun, müstəqilliyinin və öz resursları hesabına gələcəyini qurmaq əzminin rəmzidir:
“Bu stansiya eyni zamanda postmüharibə dövründə ölkəmizin iqtisadi dirçəlişinin və infrastruktur yenilənməsinin bariz nümunəsidir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın enerji siyasətinin yalnız bu günü deyil, uzunmüddətli gələcəyi hədəflədiyini göstərir:
“Güclü iqtisadiyyat, dayanıqlı enerji sistemi və regional əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirən əsas amillər kimi çıxış edir”.
