...

E.SULEYMANOVA: AVROPA ŞURASININ İKİNCİ KOMİSSARININ VƏZİFƏSİ İNSAN HÜQUQLARININ DAHA SƏMƏRƏLİ TƏMİNATI OLMALIDIR

Siyasət Materials 10 Avqust 2005 17:50 (UTC +04:00)

Avropa Şurasının insan hüquqları üzrə komissarı vəzifəsinə namizəd, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın Trend ə müsahibəsi

- Siz namiməzdliyinizin Avropa Şurasının insan hüquqları üzrə yeni komissarı vəzifəsinə irəli sürülməsini necə qiymətləndirirsiniz?

- Buna Azərbaycanda demokratik dəyişikliklərin etirafı, Azərbaycanın öz öhdəliklərini icra etməsi kimi baxmaq da olar. Avropa Şurası Azərbaycana bir neçə il bundan əvvəl olduğundan tamamilə başqa tərzdə yanaşır. Digər tərəfdən, bu fakta Azərbaycanın bu mötəbər beynəlxalq təşkilatda nüfuzunun möhkəmlənməsi nöqteyi-nəzərindən də yanaşmaq olar. Bu həm də ölkənin ilk ombudsmanının belə bir qısa müddət ərzində apardığı işlərin etirafı da ola bilər.

Mənim bu vəzifəyə seçildiyim gündən keçən 3 il ərzində Azərbaycanda 3 beynəlxalq konfrans keçirilib və həmin tədbirlərdə bir çox ölkələrin ombudsmanları iştirak edib. Onlar bizim işimizlə tanış olmaq və onu qiymətləndirmək imkanına malik olublar.

Bundan başqa, bu zaman kəsiyində Azərbaycan ombudsmanı müxtəlif beynəlxalq institutların ombudsmanı seçilib ki, bu da işimizin bir növ etirafıdır.

Mənə on dəfədən artıq müxtəlif, o cümlədən Avropa Şurası komissarlarının təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmək üçün müraciət olunub.

Ötən il sentyabrın sonlarında mən AŞ-na dəvət olundum və praktiki olaraq bu strukturun bütün komissarları ilə tanış oldum.

Bizim təklifimizə cavab olaraq son il ərzində Avropa Şurası Azərbaycanda Ombudsman Aparatının əməkdaşları üçün müxtəlif seminarlar və treninqlər, İnsan Haqları üzrə Avropa Konvesiyasının icrası üzrə, mediasiya (bitərəf olan üçüncü dövlətin vasitəçiliyi) və digər mövzularda seminarlar keçirib.

- İnsan haqları üzrə komissarın seçilmə prosedurası necədir?

- Komissar Avropa Şurası Parlament Assambleyası tərəfindən AŞ nazirlər Komitəsinin irəli sürdüyü bütün namizədlərin arasında ən çox səs toplamış namizəd seçilir. Komissar 6 il müddətinə seçilir.

Bu müxtəlif proseduralarla müşaiyət olunur. Belə ki, sentyabrın 5-də bu vəzifəyə təqdim olunan 8 namizədlə qeyri-formal müsahibə keçirilir. Sentyabrın 7-də AŞ-nın Nazirlər Komitəsinin iclası keçiriləcək, Həmin iclasda 3 namizəd seçiləcək ki, onlar AŞPA-da təmsil olunacaqlar. Sentəbrın 15-də isə onlar AŞPA-nın insan hüquqları komitəsinin insan hüquqları və hüquq məsələləri üzrə alt komitəsində müsahibədən keçəcəklər.

Yekun qərar AŞPA tərəfindən qəbul ediləcək və bunun oktyabrda, payız sessiyası zamanı baş tutacağı gözlənilir. Bu insan hüquqları üzrə AŞ komissarının ilk seçkisi deyil. Alvaro Hil Robles 1999-cu ildə bu vəzifəyə seçilən ilk komissar olub.

Bu dəfə komissar vəzifəsinə namizədlər 8 ölkədən - İsveç, Finlandiya, Belçika, Almaniya, Macarıstan, Polşa, Latviya və Azərbaycandan irəli sürülüb.

- Komissarlığa namizədlik üçün hansı tələblər irəli sürülür?

- Komissar müstəqil, bitərəf, obyektiv, insan hüquqları müdafiəsi işində dərin biliyə, bacarığa və təcrübəyə malik olmalı, milli və dini müxtəlifliyi anlamalı və onlara hörmət və səbrlə yanaşmalıdır.

Burada komissarın şəxsi nüfuzu böyük rol oynayır. Bu zaman o, bu vəzifəyə seçilənə qədər insan hüquqlarının müdafiəsi sahəsində topladığı təcrübədən istifadə edir. İlk komissar çox gözəl institut yaradaraq, həm də yalnız Avropada deyil, bütün dünyada böyük nüfuz qazanmışdı.

- Siz insan hüquqları üzrə komissarın fəaliyyətini nədə görürsünüz?

- Komissarın işinin əsas tərkibini onun regiondakı ölkələrdə insan hüquqlarına riayət olunmasında onun fəaliyyətindən ibarətdir. Bundan başqa, o, insan hüquqlarının təbliği üzrə böyük işlər aparmalı, hüquq müdafiəsi sahəsində AŞ-nın sənədlərinin daha səmərəli və tam yerinə yetirilməsini təmin etməlidir.

Komissar ombudsman institutlarının olmadığı ölkələrdə onların yaradılmasına, həmçinin mövcud institutların fəaliyyətinin təkmilləşdirilməsinə yardım etməlidir. Komissar hüquqi xarakterli səlahiyyətlərə malik deyil, lakin o, vəziyyəti təhlil edir və onu AŞ-nın müvafiq komissiyasının müzakirəsinə təqdim edir.

Cənab Roblesin komissara Avropa Məhkəməsində 3-cü tərəf kimi iştirak etməyə imkan verən İnsan hüquqları üzrə Avropa Konvensiyasına 14 protokolun daxil edilməsi ilə bağlı apardığı inadlı və ardıcıl iş onun böyük xidmətidir.

- Bu vəzifəyə seçildiyiniz təqdirdə fəaliyyət proqramınız hazırdırmı?

Hesab edirəm ki, bu barədə danışmaq hələ tezdir. Lakin artıq müəyyən təcrübə var. Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, insan hüquqlarının qorunmasını təmin etmək, milli, regional və beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəsinə yardımçı olmaq ikinci komissarın fəaliyyətinin əsasını təşkil edəcək.

Mənə elə gəlir ki, bütün Avropa ölkələrinin ombusmanlarını bu işə cəlb edərək bu ölkələrin AŞ-yə daxil olduqları illər ərzində baş vermiş dəyişikliklərlə bağlı maraqlı araşdırmalar, təhlillər aparmaq olardı. Bu təhlil gələcəkdə işin təkmilləşdirilməsinə dair tövsiyyələr gətirə bilərdi. Hazırda yeni strategiya və proqramlar hazırlamaq vaxtıdır və onlar üç - milli, regional və beynəlxalq səviyyədə olmalıdır.

Hesab edirəm ki, komissar insan hüquqlarının daha geniş spektri - humanitar hüquqlar, mülkiyyətçi və istehlakçıların, dustaqların, qocaların, qadınların, qaçqın və məcburi köçkünlərin, narkomaniya və SPİD-dən əziyyət çəkənlərin hüquqları ilə məşğul olmalıdır.

Əməli işlə bağlı təcrübə mübadiləsi də böyük diqqət tələb edir. Çünki heç bir nəzəri hesablamalar problemi həll etmir və bu cəhətdən təcrübə mübadiləsi hər bir konkret hallarda son dərəcə maraqlı və faydalı olardı.

Ombudsmanın işində daha bir maraqlı aspekt şəbəkə əməkdaşlığıdır, yəni hər hansı qohum təşkilatların şəbəkələrə cəlb olunması çox yüksək nəticə verir. Şəbəkə əməkdaşlığı faktiki olaraq vətəndaş cəmiyyətinin bütün ehtiyatlarını cəlb etməyə imkan verir.

- Bu amil beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətinə və azərbaycanlı qaçqın və məcburi köçkünlərin müdafiəsinə necə təsir edə bilər?

AŞ komissarı beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək səlahiyyətinə malikdir, belə əməkdaşlıq ombudsmenin işinin təkmilləşdirilməsi üçün yeni ideyalar mənbəyidir.

Biz BMT və onun müxtəlif strukturları ilə sıx əməkdaşlıq edirik və əlbəttə, burada BMT-nin insan hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığı xüsusilə qeyd etmək daha yerinə düşər. Beynəlxalq əlaqələrin genişləndirilməsi ən vacib amillərdən biridir.

Azərbaycan intensiv surətdə dünya ictimaiyyətinə, Avropa strukturlarına inteqrasiya edir və bu gün bizim Avropa İttifaqı ilə əməkdaşlıqdan danışmaq imkanımız var. Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür və bu təşkilatlarda silahlı münaqişələr və bu münaqişələrdən əziyyət çəkənlərin - əsirlərin, girovların və məcburi köçkünlərin problemi müzakirə olunur.

Yeri gəlmişkən, AŞ PA yanında miqrasiya, qaçqınlar və əhali üzrə komissiya fəaliyyət göstərir və mən hesab edirəm ki, bizim də deməyə sözümüz olacaq. Biz AŞ PA-nın bütün komissiyalarında region və ölkə üçün aktual olan siyasi, iqtisadi, sosial- mədəni və s. məsələlər qaldırmaq imkanına malik olacağıq.

Bu günlərdə AŞ-nin baş katibinin Azərbaycana səfəri gözlənilir və mənə elə gəlir ki, bu, AŞ ilə yeni səviyyəli fəal əməkdaşlığın inkişafına təkan verəcək.

Xəbər lenti

Xəbər lenti