...

AVQUSTUN 30-DA ALİ MƏHKƏMƏDƏ QARABAĞ PARTİZANLARININ İŞİNƏ BAXILACAQ

Siyasət Materials 11 Avqust 2005 17:57 (UTC +04:00)

Avqustun 30-da Ali Məhkəmədə "Qarabağ partizanları" adı ilə tanınan məhkumların məhkəməsi keçiriləcək. Bu barədə Trend ə partizanların hüquqları müdafiə komitəsinin üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı məlumat verib. O, bildirib ki, məhkəmə iclasının vaxtı təyin olunsa da, prosesə sədrlik edəcək yeni hakim hələ təyin edilməyib.

Avqustun 30-da 12 nəfər partizanın işinə baxılacaq. Qeyd edək ki, Qarabağ partizanlarının barəsində çıxarılmış müxtəlif müddətlərə azadlıqdan məhrumetmə qərarı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanıldıqdan sonra Ali Məhkəməyə kassasiya şikayəti verilib. Kassasiya şikayətində həbs qərarının dəyişdirilməsi və partizanlara bəraət verilməsi tələb olunur.

Qarabağ partizanlarının hüquqlarını vəkillər Osman Kazımov və Mübariz Qarayev müdafiə edəcək. Akif Nağı bildirib ki, partizanların işi hüquq müdafiəçiləri və dövlət orqanları nümayəndələrinin birgə təmsil olunduğu siyasi məhbuslar üzrə işçi qrupunun iclasında da müzakirəyə çıxarılacaq. Qarabağ partizanlarının ya əfv fərmanı, ya da amnistiya ilə azadlığa buraxılması təklifi irəli sürüləcək, bu barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, Ali Məhkəmənin ötən iclasında Qarabağ partizanlarından 4-nün işinə baxılıb, onlardan ikisi azadlığa buraxılıb, biri - İlqar İbrahimov avqustun 13-də azadlığa çıxacaq. Digəri- Ədalət Əliyevin isə üzərində 6 il yarım cəza müddəti qalıb.

Xəbər lenti

Xəbər lenti