Avropa Şurası Venesiya Komissiyası seçki və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov Trend agentliyinə verdiyi eksklüziv müsahibəsində VK-nın Azərçbaycandakı vəziyyətlə bağlı rəsmi mövqeyini bildirib.
Siz qeyd etmişdiniz ki, Azərbaycan üzrə son qərar qəbul etmək üçün VK ekspertləri Milli Məclisin Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinə dair qərarını hərtərfli təhlil etməlidirlər.
Azərbaycan parlamentinin bu qərarı VK-nın mövqeyinə necə təsir edəcək?
Bizim 2004-cü ilin tövsiyyələrində və iyun ayında qəbul edilmiş ilkin rəydə əks olunmuş mövqeyimiz dəyişməz olaraq qalır.
Seçki komissiyalarının yaradılması, saxtalaşdırmaya qarşı effektiv müdafiə mexanizmləri və seçki kampaniyasında iştirak edən namizədlər üçün bərabər şərait - demokratik seçkilərin vacib elementləridir.
Və həm VK, həm də ATƏT-in Demokratik İnstitutlar və İnsan haqları bürosu dəfələrlə yerli qanunvericilikdə bu məsələlərlə bağlı nöqsanların olmasından narahatlığını bildirib.
Bununla yanaşı biz onu da qeyd etmişik ki, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün qanunvericiliklə yanaşı seçki prosesinin bütün iştirakçılarının siyasi müstəqilliyi də əsas rol oynayır.
Hazırda ekspertlər iyul ayında Milli Məclis tərəfindən qəbul edilmiş qanunu öyrənirlər.
Azərbaycandakı vəziyyət üzrə son qərarın qəbul olunması üzrə hazırlıq işləri hansı mərhələdədir?
Ekspertlərin rəyi sentyabra qədər hazır olacaq. Son qərar VK-nın oktyabrda keçiriləcək plenar iclasında qəbul olunacaq.
Azərbaycan hökuməti tərəfindən VK-ya rəsmi olaraq ölkənin Seçki Məcəlləsinin layihəsi göndərilibmi?
Biz bu layihəni ATƏT-in DİİHB-dəki həmkarlarımızdan almışıq.
VK rəhbərliyi Azərbaycan hökumət nümayəndələri tərəfindən komissiyanın tövsiyələrinin nəzərə alınmasına hələlik vaxtın olmasına əsaslanan mövqeyə tərəfdardırmı?
Biz ümidvarıq ki, tövsiyyələrmiz əsasında bəzi dəyişikliklərin edilməsi mümkündür. VK AŞ-nin müvafiq standartlarına uyğun seçkilərin təşkilində əməkdaşlığı davam etdirməyə və istənilən hüquqi yardım göstərməyə hazırdır.