...

MURTUZ ƏLƏSGƏROV KÜVEYT PARLAMENTARİLƏRİNİ QƏBUL EDİB

Siyasət Materials 22 Sentyabr 2005 14:46 (UTC +04:00)

"Sentyabrın 22-də spiker Murtuz Ələsgərov ölkəmizdə səfərdə olan Küveyt dövlətinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərini qəbul edib". Trend xəbər verir ki, görüşdə ölkələrarası əməkdaşlıq məsələləri müzakirə edilib.

Spiker bildirib ki, 1993-cü ildən iki dövlət arasındakı əlaqələrin inkişafına diar imzalanan protokolda göstərilən müddəalar lazımi səviyyədə həyata keçirilir: "Elə bu dostluğun nəticəsidir ki, 2003-cü ildə Küveytdə Azərbaycan səfirliyi açılıb. Biz bu əlaqələrin daha da genişləndirilməsinin tərəfdarıyıq".

Spiker Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması barədə danışaraq bildirib ki, bu məsələdə Küveyt daim rəsmi Bakının mövqeyini dəstəkləyib. İslam Konfransı Təşkilatının bir üzvü kimi Küveyt Azərbaycanın haqq səsini müdafiə edən qətnamələrin qəbulunda müstəsna rol oynayıb.

Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin rəhbəri, Küveyt parlamentinin daxili işlər və müdafiə məsələləri üzrə komissiyanın üzvü Əli Hamuud Mansuur Əl-Hacri Azərbaycana səfərinin məqsədini açıqlayaraq bildirib ki, bu, başlıca olaraq dövlətlərarası əlaqələrin inkişafı ilə bağlıdır.

Dağlıq Qarabağ problemi, qaçqın və köçkünlərin vəziyyəti barədə danışan qonaq qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ probleminin ağrısını vaxtilə Küveyt də çəkib: "Biz bir daha bu ağrını Şəhidlər Xiyabanını ziyarət edərkən hiss etdik".

Qonaq Küveytə qayıtdıqdan sonra təmsil etdiyi dövlətin Azərbaycanda səfirliyinin açılması məsələsini parlamentdə qaldıracağını da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti