...

Bir sıra müxalifət partiyaların rəhbərləri oturaq mitinqlərin əleyhinədir

Siyasət Materials 29 Noyabr 2005 11:35 (UTC +04:00)

"Müxalifət bundan sonra oturaq mitinqlərə getsə, özünü çox pis vəziyyətdə qoyacaq". Bu barədə Trend ə Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

O qeyd edib ki, noyabrın 26-da müxalifətin "Qələbə" meydanında oturaq mitinq keçirməklə insanları qarşıdurmaya sövq etməsi qəbuledilən hadisə deyil: "Mübarizəni sivil qaydada aparmaq lazımdır, zor tətbiq etməklə heç nəyə nail olmaq mümkün deyil".

Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev də müxalifətin oturaq mitinq keçirməsini qəbul etməyib: "Bakı meriyası oturaq mitinqlərə icazə verməyib. Ancaq meydana toplaşan bəzi liderlər bunu həyata keçirməklə və insanları itaətsizliyə sövq etməklə dövlətə və qanunlara qarşı çıxıblar. İndiki zamanda buna getmək olmaz. Müxalifət gələcəkdə belə addım atmamalıdır".

Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan da həmkarlarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, oturaq mitinq keçirmək, meydana çadırların gətirilməsi barədə səslənən fikirlər sivil mübarizə üsulları deyil: "Çünki bunların həyata keçirilməsinə dövlət icazə verməyib. Bunu müxalifət liderləri başa düşməlidir", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti