...

Azərbaycanın XİN başçısı Koreya Respublikasına səfər edib

Siyasət Materials 30 Noyabr 2005 20:45 (UTC +04:00)

AR xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 29- 30-da rəsmi səfərlə Koreya Respublikasında (KR) olub. Trend AR XİN-in mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, səfər çərçivəsində AR XİN başçısı KR prezidenti Ro Mİ-Hyun tərəfindən qəbul edilib. Söhbət zamanı Azərbaycan -Koreya əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.E.Məmmədyarov Azərbaycan dövlətinin başçısı İlham Əliyevin dəvət məktubunu Koreya prezidentinə təqdim edib və vurğulayıb ki, qarşıdakı səfər iki ölkə arasındakı əməkdaşlığın möhkəmləndirilməsinə imkan yaradacaq.

Öz növbəsində, Ro Mi-Hyun dəvətnamə ilə bağlı təşəkkürünü bildirib və qeyd edib ki, səfərin konkret tarixi diplomatik kanallarla dəqiqləşdiriləcək. Koreya prezidenti Azərbaycan prezidentinə cavab dəvəti edib. AR XİN başçısı bildirib ki, yaxın vaxtlarda Seulda Azərbaycanın səfirliyi açılacaq.

Həmin gün E.Məmmədyarov Koreya Milli Assambleyasının sədri Von-Ki Kim və Koreya XİN başçısı Ban-ki Mun ilə görüşüb. İki dövlət arasında iqtisadi, mədəni və siyasi əlaqələrin inkişafı, eləcə də Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Koreyada gənc Azərbaycan diplomatları üçün korey dil kurslarının açılması məsələsi müzakirə edilib. Azərbaycan XİN və Koreya xarici işlər nazirlikləri arasında əməkdaşlığa dair protokol imzalanıb.

Noyabrın 30-da E.Məmmədyarov "Samsunq" şirkətinin zavodunda və "The Korea Times" informasiya agentliyinin mərkəzi bürosunda olub.

Xəbər lenti

Xəbər lenti