...

Azərbaycan prezidenti İran, Pakistan, Tacikistan, Əfqanıstan, Bruneydən olan həmkarları ilə danışıqlar aparıb

Siyasət Materials 8 Dekabr 2005 12:14 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Məkkədə İslam Konfransı Təşkilatının (İKT) sammitinə gəlmiş təşkilat və ölkə liderləri ilə danışıqlar aparıb.

Trend bildirir ki, İran prezidenti Mahmud Əhmədinejat ilə görüşdə dövlət başçısı baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı bildirib. İ.Əliyev İran prezidentini Naxçıvana - Muxtar Respublikaya qaz verilməsi ilə bağlı keçiriləcək mərasimdə iştirak etməyə dəvət edib. M.Əhmədinejat dəvəti qəbul edib və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məmnunluğunu ifadə edib. O, həmçinin Azərbaycan və İran xalqları arasındakı əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əmin olduğunu bildirib.

İ.Əliyevlə Pakistan prezidenti Pərviz Müşərrəfin görüşündə o, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində münaqişənin ədalətli həlli məsələsi üzrə öz ölkəsinin mövqeyini bir daha vurğulayıb. Tərəflər əlaqələrin gələcəkdə də genişləndirilməsi ilə bağlı əminlik ifadə edərək beynəlxalq təşkilatlar, o cümlədən İKT çərçivəsində əməkdaşlığın daimi inkişafı ilə əlaqədar məmnunluq bildirib.

Əfqanıstan prezidenti Hamid Qərzayi ilə danışıqlar zamanı Azərbaycan lideri iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə bağlı əminliyini bildirib. H.Qərzayi qeyd edib ki, onun ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına, eləcə də ikitərəfli əməkdaşlıqla bağlı konkret istiqamətlərin müəyyən edilməsinin zəruriliyinə böyük önəm verir. Regionda Azərbaycanın yüksək nüfuzu olduğunu vurğulayan prezident H.Qərzayi İ.Əliyevi Əfqanıstana rəsmi səfərə dəvət edib.

Tacikistan prezidenti İmaməli Rəhmanovla görüşdə əməkdaşlığın, o cümlədən müxtəlif sahələrdə iqtisadi əlaqələrin inkişafı ilə bağlı konkret layihələr üzərində iş aparılmasının əhəmiyyəti vurğulanıb.Qeyd olunub ki, hər iki tərəf regionda daha geniş bazara çıxmaq üçün böyük potensiala malikdir. İ.Rəhmanov Azərbaycan prezidentini öz ölkəsinə rəsmi səfərə dəvət edib.

İKT-nin baş katibi Əkmələddin İhsanoğlu İ.Əliyevlə görüşdə həmin strukturun sosial və iqtisadi proqramlara daha çox cəlb edilməsinin əhəmiyyətini vurğulayıb. Təşkilata üzv ölkələr arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsinə dair konkret işlərin aparılması barədə danışarkən Ə.İhsanoğlu İKT dövlətləri xarici işlər nazirlərinin Bakıda keçiriləcək konfransına da böyük əhəmiyyət verdiyini deyib. İ.Əliyev gələcəkdə İKT çərçivəsində həyata keçiriləcək layihələrin praktiki nəticələrinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan prezidenti həmçinin Türkiyə Böyük Millət Məclisinin spikeri Bülənd Arınç, eləcə də İKT-də müşahidəçi statusunda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri, Uzaq Şərq federal dairəsində RF prezidentinin səlahiyyətli nümayəndəsi Kamil İshaqov ilə fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti