...

AMİP Siyasi Şurasının üzvləri partiya sədrini nizamnamənin tələblərini pozduğuna görə ittihamlayıb

Siyasət Materials 14 Dekabr 2005 15:42 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev partiyanın nizamnaməsini kobud surətdə pozduğuna və Siyasi Şura üzvlərinə hörmətsizlik etdiyinə görə məsuliyyət daşıyır". Trend xəbər verir ki, bu barədə AMİP Siyasi Şurasının və katibliyinin bir qrup üzvünün dekabrın 14-də keçirdiyi mətbuat konfransında bildirilib.

Konfransı açan Mərkəzi Şuranın üzvü Rəşad Bayramov qeyd edib ki, Ə.Əliyev Siyasi Şuranın iclaslarının mütəmadi keçirilməsinə mane olub: "Siyasi Şuranın toplantılarının keçirilməsi yalnız sədrin səlahiyyətində olduğundan o, bunu həyata keçirməkdən imtina edib". R.Bayramov sədri bir sıra təyinatlarda da ittihamlayıb. Bildirib ki, onun atdığı hər addım partiyanın nizamnaməsinə ziddir.

Çıxış edənlərdən partiyanın mətbuat xidmətinin rəhbəri Əli Orucov, Mərkəzi Şuranın sədri Ayaz Rüstəmov və Siyasi Şuranın digər üzvləri seçkidən sonra partiya daxilində yaranmış böhrana görə Ə.Əliyevin məsuliyyət daşıdığını qeyd ediblər. Ancaq digər tərəfdən onun sədrliyini qəbul etdiklərini də bildiriblər.

Xəbər lenti

Xəbər lenti