...

"YES" təkrar seçkilərdə iştirak edəcək namizədlərini fevralın sonunda müəyyənləşdirəcək

Siyasət Materials 8 Fevral 2006 11:34 (UTC +04:00)

"Yeni Siyasət" (YES) seçki blokunun Koordinasiya Şurası fevralın sonlarında keçirəcəyi növbəti toplantısında 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə namizədlərini müəyyənləşdirəcək. Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov bildirib.

E.Namazov bildirib ki, Koordinasiya Şurasının üzvləri arasında ilkin razılaşmalar əldə olunub: "Kimin hansı seçki dairəsindən namizəd olacağı hələlik razılaşdırılıb. Qalır bunu rəsmiləşdirmək". "YES" təmsilçisi onu da vurğulayıb ki, Koordinasiya Şurasının toplantısında digər məsələlər də müzakirə olunacaq. Özünün təkrar seçkilərdə iştirakı məsələsinə gəlincə o qeyd edib ki, mövqeyi məlumdur: "Mən təkrar seçkilərə qatılmaq barədə fikirləşmirəm".

"Əgər Koordinasiya Şurası sizin təkrar seçkilərə qatılmağınızı tələb edərsə, hansı addım atacağsınız" sualına E.Namazov belə cavab verib: "Bu gözləniləndir. Ancaq gəlin hadisələri qabaqlamayaq". E.Namazov Koordinasiya Şurasının ötən iclasında da Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) nümayəndəsi Adnan Novruzov və partiya sədrinin səlahiyyətlərini yerinə yetirən Ayaz Rüstəmovun iştirak etdiyini bildirərək qeyd edib: "Bu da onu göstərir ki, blokumuz AMİP-in hansı tərəfini tanıyır".

Xəbər lenti

Xəbər lenti