...

Gürcüstanın Dəmyə Görarx kəndində etiraz aksiyası keçirən azərbaycanlılardan 14-ü həbs edilib

Siyasət Materials 23 Fevral 2006 14:16 (UTC +04:00)
Gürcüstanın Dəmyə Görarx kəndində etiraz aksiyası keçirən azərbaycanlılardan 14-ü həbs edilib

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Marneuli rayonunun Dəmyə Görarxı kəndinin sakinlərinin torpaq problemlərinin həll edilməməsinə etiraz olaraq fevralın 22-də piket keçirməsi və bu aksiyanın dağıdılması zamanı baş verənlərlə maraqlanıb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

O bildirib ki, Komitənin əməkdaşları hadisə ilə bağlı Gürcüstandakı azərbaycanlıların Ziyalılar Birliyi ilə əlaqə saxlayıb, Azərbaycanın səfirliyi ilə də əlaqə qurmağa cəhd göstəriblər: "Biz çalışmalıyıq ki, belə hadisələr baş verməsin. Qarşıdurmaya səbəb ola biləcək hadisələrin yetişməsinə yol verilməməlidir. Yaxın günlərdə Azərbaycan-Gürcüstan hökumətlərarası İşçi Qrupunun yaradılması barədə sərəncam verilməlidir. Həmin işçi qrupu da bu problemlərin həllinə çalışacaq. Amma Gürcüstandakı azərbaycanlıların problemlərinə kompleks yanaşma lazımdır. İşçi qrupu hər hansı bir hadisə baş verəndə ona münasibət bildirməklə işini bitirməməlidir"-deyə N.İbrahimov vurğulayıb.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Gürcüstan üzrə şöbəsinin müdir müavini Füzuli Nəcəfov isə bildirib ki,

ona verilən məlumata görə, aksiyanın dağıdılmasında üzümaskalı xüsusi təyinatlılar iştirak edib və 14 nəfərə yaxın soydaşımız həbs olunub. Həbs edilənlər arasında qadınlar da var. F.Nəcəfov deyib ki, Dəmyə Görarxı kəndinin sakinlərinin etirazı torpaq bölgüsü və torpaqların özəlləşdirilməsi ilə bağlıdır. O qeyd edib ki, bu yaxınlarda da həmin kəndin 200-ə yaxın sakini Marneuli rayonunun mərkəzinə qədər yürüş-mitinq keçirərkən orada olmuşdu və rayonun icra başçısı Amiran Şubitidze aksiya iştirakçılarından bir qrupunu Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları ilə birlikdə qəbul etmişdi: "Mən də həmin görüşdə iştirak etdim, Marneuli rayonunun icra başçısı bildirdi ki, bu kənd dağlıq yerdədir, torpaqları da susuz və kənd təsərrüfatına yarasızdır. Amma Amiran Şubitidze söz verdi ki, əkin sahələri suvarılacaq, yanvar ayının sonundan isə sakinlərə əlavə torpaq sahələri verilməyə başlanacaq. Görünür, hələ ki, bu prosesə başlanılmayıb və camaat da haqlı olaraq aksiya keçirir, torpaq tələb edirlər".

Füzuli Nəcəfovun sözlərinə görə, hadisələrin gedişi göstərir ki, soydaşlarımızın bu tipli problemlərinin həlli yaxınlaşmır. Çünki Gürcüstanın torpaq islahatı barədə qanunu azərbaycanlıların xeyrinə heç nəyi dəyişmir. O qeyd edib ki, Azərbaycan-Gürcüstan Hökumətlərarası İşçi Qrupunun tədbirlər planına Gürcüstanın torpaq haqqında qanununa yenidən baxılması, bir sıra dəyişikliklərlə bağlı konkret təkliflər də daxildir.

Xəbər lenti

Xəbər lenti