...

ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti məsləhətləşmələri İstanbulda keçirəcək

Siyasət Materials 10 Mart 2006 16:16 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti məsləhətləşmələri İstanbulda keçirəcək

ATƏT-in Minsk qrupunun (MQ) həmsədrləri martın 20-də İstanbulda növbəti məsləhətləşmə aparacaq. Trend bildirir ki, bu barədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə Minsk qrupu həmsədrlərinin martın 7-8-də Vaşinqtonda keçirilmiş məsləhətləşmələrinin yekunlarına dair bəyanatında deyilir.

Bəyanatda vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinə fevralın 10-11-də Rambuyedə (Paris) aparılmış danışıqlarda iştiraka görə öz təşəkkürlərini bildirirlər.

Həmsədrlər qeyd edir ki, ötən il tərəflərin məsləhətləşmələrində "böyük irəliləyiş" olub, amma onlar təəssüf edir ki, "kifayət qədər imkan olmasına baxmayaraq son həftələr ərzində prosesdə irəliləyiş müşahidə edilməyib".

Bununla belə, həmsədrlər əmindir ki, "obyektiv şərtlər 2006-cı ili mühüm irəliləyişin əldə olunması üçün çox əlverişli il edəcək". Onlar Ermənistan və Azərbaycan hökumətlərini "bu nəticəyə nail olmaq üçün ciddi işləməyə" çağırır. Vasitəçilər həmçinin hər iki ölkə hökumətini "öz cəmiyyətlərini müharibəyə deyil, sülhə hazırlamaq üçün" ictimaiyyətlə səyləri birləşdirməyə çağırır.

Bəyanatda qeyd olunur ki, MQ həmsədrləri "tərəflərin hazırlığının gələcəkdə qiymətləndirilməsindən sonra" regiona növbəti səfərin tarixini göstərəcək.

Xəbər lenti

Xəbər lenti