...

İnqilab Əhmədov: Azərbaycan "büdcə tələsi"nə düşə bilər

Siyasət Materials 30 Mart 2006 17:53 (UTC +04:00)
İnqilab Əhmədov: Azərbaycan "büdcə tələsi"nə  düşə bilər

Bu gün Beynəlxalq mətbuat mərkəzində ictimai maliyyələr monitorinq Mərkəzinin açıq cəmiyyət İnstitutu yardım Fondunun dəstəyi ilə təşkil etdiyi "Neft və qaz gəlirlərinin iqtisadiyyata təsiri" mövzusunda dəyirmi masa keçirilib. Trend bildirir ki, təqdimatı aparan mərkəzin rəhbəri, iqtisad elmləri doktoru İnqilab Əhmədov manatın məzənnəsinin qeyri-real artımı, qeyri-neft sektorunda zəif rəqabət, qeyri-neft büdcəsinin defisiti kimi problemlərə toxunub.

Onun fikrincə, manatın möhkəmləndirilməsi Hollandiya sindromunun əlamətlərindən biridir. Həmin proses 2005-ci ilin ilk rübündən başlayıb və ötən ilin yekunlarına görə, 6,4% təşkil edib ki, bu da iqtisadiyyata ciddi təsir edir. Dolların ucuzlaşması səbəblərindən biri kimi, İ.Əhmədov 2002-ci ilin ortalarından başlayaraq pul kütləsinin kəskin artması və 2005-ci ilin yekunlarına görə artımın 15,8% təşkil etməsini göstərib.

Qeyri-neft sektorunun rəqabətə davamlığının zəif olması inşaat, mehmanxana biznesi və digər bu kimi sahələrin inkişafı ilə bağlıdır ki, bu da neft ehtiyatlarına malik olan ölkələr üçün təbii haldır.

İ.Əhmədovun fikrincə, büdcədə qeyri-neft sektoru defisitinin örtülməsi üçün təyin edilmiş transfer həcminin son illərdə kəskin artırılması ilə Azərbaycan tamamilə "büdcə tələsi"nə düşə bilər və bu da o deməkdir ki, qeyri-neft sektorunun rəqabətə davamlığının gözlənilən yüksəldilməsi yerinə büdcəyə transferin artırılması praktikada qeyri-neft sektorunun rəqabətə davamlığının azalmasına gətirib çıxaracaq. Çünki büdcə xərcləri artımının inflyasiya effekti əsasən qeyri-neft sektorunun inkişafına mənfi təsir edən manatın möhkəmləndirilməsi hesabına "aradan götürülür".

Seminarda "Qızıl yumurta və toyuq" konsepsiyası, daimi gəlirlər versiyası, Norveç mexanizmi, Qazaxıstanın baza ödəyiciləri, sabit xərclər və balanslaşdırılmış büdcə modelləri kimi bir çox müxtəlif modellər nümayiş etdirilib. İqtisadi və siyasi araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov hesab edir ki, əsas vəzifə optimal modelin seçilməsidir ki, bu da çox çətin vəzifədir, amma düzgün yolun qəbul edilməsi üçün daim fikir mübadiləsi aparılması tələb olunur. Parlamentin deputatı Əli Məsimovun fikrincə, ölkə Alyaska və Norveçdə olan müsbət praktikadan faydalanmalıdır.

İ.Əhmədov hesab edir ki, Azərbaycan üçün müsbət praktika Qazaxıstanın 2007-ci ildən tətbiq olunacaq balanslaşdırılmış büdcə modeli ola bilərdi. Həmin modeldə qeyri-neft gəlirlərinin cari proqramların maliyyələşdirilməsi, neft gəlirlərinin (investisiya layihələrinin maliyyələşdirilməsi) isə müəyyən məqsədli büdcə xərcləri üçün cəmləşdirilməsi təklif olunur. Azərbaycanda ötən il dövlət büdcəsində neft gəlirlərinin xüsusi çəkisi 51,4%, qeyri-neft sektorunun 48,6% təşkil edib, 2006-cı ildə isə AMB-nin məlumatına görə, bu, müvafiq olaraq 58,4% və 41,6% səviyyəsində gözlənilir. Artım hər şeydən öncə, ABƏŞ-in mənfəət vergisi tutulmalarının başlaması və ARDNŞ-dən dövlət büdcəsinə transfer artımı ilə bağlıdır.

İ.Əhmədov transfert artımını düzgün hesab etmir. Bu artımın xüsusi çəkisi respublikada 6%, Norveçdə - 4%, Qazaxıstanda isə 4-5% təşkil edir. Hökumətin sonrakı illərdə bu həcmin azalacağını bəyan etməsinə baxmayaraq hələlik artım tendensiyası müşahidə olunur.

Maliyyə Nazirliyinin tədbirdə iştirak edən nümayəndələri büdcə gəlirlərində neft sektorunun xüsusi çəkisi ilə bağlı göstəricilər, eləcə də BVF-nin məlumatları ilə tam razılaşmayıb. Maliyyəçilər neft sektorunda nəqliyyat, kommunikasiya xidmətlərinin bu sektora aid olaraq daxil edilməsini düzgün hesab etmir. Bununla bağlı olaraq qeyri-neft sektorunun ÜDM-də 2005-ci ildə müşahidə olunan 10% artımı müsbət amil hesab olunur. Ölkədəki qeyri-neft sektoru ilə bağlı real vəziyyətin qiymətləndirilməsi üçün milli gəlirin hesablanması lazımdır ki, respublikaya xaricdən daxil olan böyük axınlar da nəzərə alınsın.

Tədbirdə daim fəaliyyət göstərən "Azərbaycan-2025" klubu qeyri-hökumət təşkilatının yaradılması, mütəxəssislərin və ekspertlərin fikir mübadiləsi apara bilməsi üçün seminar, yaxud dəyirmi masaların təşkil edilməsi kimi ideya irəli sürüb, çünki təbii ehtiyatlar tükənir və neft gəlirləri əbədi deyil. Türkiyə və Rusiyada olduğu kimi, daim fəaliyyət göstərən seminarların müxtəlif analoqları var. Azərbaycan bu gəlirlərin düzgün bölüşdürülməsinin çox məsuliyyətli mərhələsindədir.

İqtisadi profilli ictimai təşkilatların, hökumət və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri tədbirdə iştirakçı kimi təmsil olunub.

Xəbər lenti

Xəbər lenti