...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin növbəti toplantısı keçirilib

Siyasət Materials 19 Aprel 2006 16:50 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) növbəti toplantısı keçirilib. Bu barədə Trend ə MSƏM İşçi qrupunun üzvü, qurumda təmsil olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Ə.Orucov qeyd edib ki, toplantıda üç məsələ müzakirə olunub: "Ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsində qaçqın problemi önə çıxarılıb. Qeyd olunub ki, məlum hadisələrlə bağlı Ermənistandan Azərbaycana pənah gətirən soydaşlarımıza qaçqın statusunun verilməsi zəruridir. Daha sonra qurumda təmsil olunan, lakin dövlət qeydiyyatına alınmayan Azərbaycan Milli Demokrat Partiyası və Milli Dirçəliş Hərkatının qeydiyyata alınması məsələsi müzakirə edildi. Qərara aldıq ki, bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilsin".

Ə.Orucov müzakirə olunan üçüncü məsələnin Azərbaycan ordusunun zabiti Ramil Səfərovun hüquqlarının qorunması ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, MSƏM tərəfindən hökumət rəhbərliyinə bu məsələdə aktiv olması ilə bağlı müraciət edilib: "Sonuncu məsələ isə Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanması idi ki, bu da İşçi qrupuna tapşırılıb".

Qeyd edək ki, MSƏM-in növbəti toplantısı AMİP-in qərargahında keçirilib. Toplantıda Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə müəyyən səbəblər üzündən iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti