Azərbaycan-İsrail əlaqələrinin inkişafı 3-cü ölkələrin mövqeyindən asılı deyil. Bunu İsrailin azərbaycandakı səfiri Artur Lenk mayın 10-da Xarici Dillər Universiteti tələbələrilə görüşdə bəyan edib. Trend agentliyinin məlumatına əsasən, İranın Azərbaycan-İsrail əlaqələrinə mümkün təsiri barədə suala cavab verən səfir vurğulayıb ki, ölkələr arasındakı əməkdaşlıq hər iki xalqın xeyrinə yönəldilib.
A.Lenk deyib ki, ötən həftə İranla Azərbaycan sərhədinin keçdiyi Naxçıvan Muxtar Respublikasına baş çəkib. "İsrail səfiri kimi mənim üçün İranla sərhəddə olmaq maraqlı idi" - deyə o bildirib. Səfir əlavə edib ki, İranla Azərbaycan arasında münaqişə vəziyyətinin tarixi əsası yoxdur.
"İki ölkə rəsmi sərhədə malik deyil və heç vaxt bir-birilə müharibə aparmayıb. İsrail prezidenti Moşe Katsav İranda anadan olub. Lakin qarşılıqlı münasibətlərin yaxşılaşdırılması üçün İran iki addım atmalıdır: İsrailin dünya üzündən silinməsi haqqında bəyanatlardan əl çəkməli və nüvə proqramının gerçəkləşdirilməsini dayandırmalıdır" - deyə diplomat vurğulayıb.
İsrailin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı mövqeyini şərh edən diplomat deyib ki, Təl-Əviv Cənubi Qafqazdakı problemlərin sülh yolu ilə həllini dəstəkləyir. "İsrail-Fələstin, Azərbaycan-Ermənistan münaqişələri mahiyyətcə müxtəlif olsa da, bunları bir şey birləşdirir - sülh və dialoq yolu ilə həllə ehtiyac" - deyə A. Lenk qeyd edib.
Sonda səfir 20-ci əsrin əvvələrində Azərbaycanda yaşayan minlərlə yəhudinin ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilməsini şərh edib. "Bu məsələ hərtərəfli araşdırılmalıdır. Azərbaycan xalqının öz tarixini bilməyə haqqı var" - deyə o vurğulayıb.