...

Səyavuş Novruzov: "Azərbaycan həqiqətləri Bundestaqın deputatları və Almaniya mətbuatının iştirakı ilə ictimaiyyətin nəzərinə çatdırılıb"

Siyasət Materials 12 May 2006 16:07 (UTC +04:00)
Səyavuş Novruzov: "Azərbaycan həqiqətləri Bundestaqın deputatları və Almaniya mətbuatının iştirakı ilə ictimaiyyətin nəzərinə çatdırılıb"

Trend xəbər verir ki, bu barədə Azərbaycan üzrə Cənubi Qafqaz Parlament Təşəbbüs qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

Millət vəkili onu da bildirib ki, Ermənistan bu gün çətin ictimai-siyasi vəziyyətdə olduğundan adıçəkilən iclasda təmsil olunmayıb: "İclasda Ermənistanı səfirləri təmsil edib. Ermənistanda prezidentlə parlament arasında kəskin qarşıdurma yaranıb. Bir hissəsi Avropaya inteqrasiyanın lehinə, digəri isə əleyhinə çıxış edir". S.Novruzov vurğulayıb ki, iclasda Azərbaycan nümayəndə heyətinin hər bir üzvü gündəlikdə duran məsələlərlə bağlı ciddi mövqelərini nümayiş etdiriblər: "Azərbaycanın ekologiyasının korlanması, Ermənistanın Atom Elektrik Stansiyasının region üçün təhlükəsi, Kəlbəcər və Zəngilan meşələrinin qırılması və digər məsələlər Bundestaqın deputatları və iclasda iştirak edən beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də Almaniya mətbuatının iştirakı ilə ictimaiyyətin nəzərinə çatdırılıb".

Millət vəkili qeyd edib ki, iclas çərçivəsində Bundestaqın Cənubi Qafqaz üzrə dostluq qrupunun rəsmiləri ilə görüşüblər. Onu da qeyd edib ki, gələn il Avropa Birliyinə Almaniya sədrlik edəcək: "Almaniyanın da qarşıya qoyduğu əsas məqsədlərindən biri Cənubi Qafqazın Avropa Birliyinə inteqrasiyasıdır. Ona görə də görüşdüyümüz qrup çox ciddi qrupdur. Ancaq təssüflər olsun ki, qrupa rəhbərlik edən şəxs qondarma "erməni soyqrımı"nın Almaniya parlamentində qəbul olunmasına cəhd göstərən şəxslərdən biridir. Ancaq onun müavinlərinin Azərbaycana münasibətləri tamam başqadır".

Millət vəkili bu məsələlərlə bağlı gərgin müzakirələr apardıqlarını bildirib: "Biz başa salmağa çalışdıq ki, artıq bu proseslər nəinki Türkiyənin, eyni zamanda Ermənistanın özünün də əleyhinədir və bu, Ermənistan-Türkiyə münasibətlərinin korlanmasına xidmət edir". S.Novruzov onu da bildirib ki, Almaniya xarici işlər naziri ilə də görüşüblər. Dağlıq Qarabağ problemi, Azərbaycanın inkişafı məsələləri müzakirə olunub.

Qeyd edək ki, Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun 5-ci plenar iclası "Adenaur" Fondunun maliyyə dəstəyi ilə mayın 9-11 arasında Berlində keçirilib. İclasda "Qloballaşma və onun Cənubi Qafqaza təsiri" mövzusunda müzakirələr aparılıb. Qloballaşmanın regionun siyasi, iqtisadi, ictimai həyatına və ətraf mühitinə təsiri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti