...

Əfşar Süleymani: "Təbrizdə keçirilən aksiyada nə ölən olub, nə də kiməsə güllə atılıb"

Siyasət Materials 24 May 2006 15:53 (UTC +04:00)

""İran" qəzetində azərbaycanlılarla bağlı bir yazı olub və sonra da karikatura verilib. Bu da azərbaycanlıların inciməsinə səbəb olub. Bu yazı və karikaturanın dərci səhv idi və qanun çərçivəsində də tədbirlər görülür". Trend in məlumatına görə, bu fikirləri mayın 24-də mətbuat konfransı keçirən İran İslam Respublikasının Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.

O, qeyd edib ki, "İran" qəzetində azərbaycanlılardan üzv istənilib, İslam Şurası Məclisinin sədri, İran parlamentinin deputatları da bu hadisəni pisləyiblər. Əfşar Süleymani bildirib ki, İranda islam dini bütün xalqları birləşdirir və heç kəsin başqa milləti təhqir etməyə haqqı yoxdur. Səfir "İran" qəzetində çıxan karikaturaya etiraz olaraq Təbrizdə aksiya keçirildiyini deyib, lakin aksiyada ölənlərin olması barədə məlumatları təkzib edib: "Bu aksiyada nə ölən olub, nə də kiməsə güllə atılıb. Sadəcə, etirazlar zamanı fürsətdən istifadə edib aranı qatmaq istəyənlər olub, insanların obyektləri dağıdılıb, şüşələr sındırılıb, bank yandırılıb. Buna da qanun çərçivəsində baxılacaq və təxribatçılar barədə açıqlamalar veriləcək. Həqiqi etiraz edən insanlara göstəriləcək ki, sizin aksiyanızdan istifadə edərək bu şəxslər obyektləri dağıdıblar"-deyə səfir bildirib.

Əfşar Süleymani qeyd edib ki, məhz həmin təxribatları törədənlər həbs olunublar. Onun sözlərinə görə, tutulanların əksəriyyətinin hüquq-mühafizə orqanlarında dosyeləri də var. Səfirin sözlərindən belə aydın oldu ki, İranda aksiyalar zamanı şüşələrin sındırılması, bankın yandırılması kimi qanunsuz hərəkətlər kənar qüvvələrin təxribatıdır: "Onların içərisində Amerika da var, başqaları da. Amerika görür ki, İranın qarşısını ala bilmir, İran öz fəaliyyətində beynəlxalq hüquq normalarına əsaslanır, onda başqa cür hərəkətlərə əl atılır. Belə şeylər əvvəllər də çox olub və heç bir nəticə verməyib". Əfşar Süleymani bildirib ki, İranda hər bir vətəndaşın sözünü demək, etirazını bildirmək hüqüqu var və bu, qanun çərçivəsində olmalıdır.

Ə.Süleymaninin sözlərinə görə, bu günlərdə səfirlikdə asılan İran bayrağı təhqir olunub. Ə.Süleymaninin bildirdiyinə görə, bu, hətta İranda etiraz aksiyaları keçirən azərbaycanlıların da etirazına səbəb olub: "Mən Xarici İşlər Nazirliyinə müraciət etdim, amma hələ tədbir görülməyib. Mən bir səfir kimi tələb edirəm ki, İran bayrağının təhqir olunması ilə bağlı qanun çərçivəsində tədbirlər görülsün".

Xəbər lenti

Xəbər lenti