...

Səməd Seyidov: Azərbaycanda seçkilərlə bağlı müzakirələrin bağlanmasına və bu məsələnin AŞPA-nın iyun sessiyasına çıxarılmamasına dair qərar qəbul edilib

Siyasət Materials 30 May 2006 12:19 (UTC +04:00)

Azərbaycanda parlament seçkiləri və seçki öncəsi məruzə AŞPA monitorinq komitəsinin Budapeştdə keçirilmiş iclasında müzakirə olunub. Bu təşkilatın Moskvada keçirilmiş "mini-sessiya"sında isə hollandiyalı məruzəçi cənab Leo Platvoet vəziyyəti 5-10 dəqiqə ərzində qiymətləndirməklə kifayətlənib və daha heç bir müzakirə aparılmayıb. Bu barədə Trend in Rusiyadakı xüsusi müxbirinə AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətinin başçısı Səməd Seyidov bildirib.

"Leo Platvoetin məruzəsində, əsasən müsbət məqamlar yer alıb və seçki prosesi Azərbaycanda demokratik islahatların uğuru kimi qiymətləndirilir",- deyə o bildirib.

Deputat qeyd edib ki, müzakirələrin yekunu üzrə "Azərbaycanda seçkilərlə bağlı müzakirələrin bağlanmasına və bu məsələnin AŞPA-nın iyun sessiyasına çıxarılmamasına dair qərar qəbul edilib.

S.Seyidov AŞPA-nın iclasının Moskvada keçirilməsini yüksək qiymətləndirib. Belə ki, qarşıdakı 6 ay ərzində təşkilata Rusiya sədrlik edəcək.

S.Seyidov vəziyyətdən istifadə edərək RF xarici işlər naziri Sergey Lavrova Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu nəzərə alaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bu ölkənin AŞ təcrübəsindən necə istifadə edəcəyi ilə bağlı sual verib. S.Lavrov cavab verib: "Əlbəttə, bizim üçün istənilən təcrübə vacibdir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Çünki MQ bununla bağlı müvafiq mandata malikdir. Və mənim üçün qeyd etmək xoşdur ki, biz danışıqlar prosesində müsbət irəliləyişlər müşahidə edirik".

S.Seyidovun fikrincə, bu sözləri AŞ-nin təcrübəsinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü məsələsinin gələcəkdə danışıqlar mövzusu olmayacağı kimi qiymətləndirmək lazımdır.

Onun fikrincə, bu mərhələdə AB Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmaq istəyini gizlətmir. Ancaq bu mandata ATƏT MQ malikdir. Bu təşkilatın fəaliyyətinin səmərəsizliyi, bəzən isə fəaliyyətsizliyi nizamlanma prosesinin ləngiməsinə gətirib çıxarır.

Xəbər lenti

Xəbər lenti