Müsavat Partiyası Məclisinə sədr olmağım partiyanın inkişafına müsbət təsir göstərə biləcəksə, onda namizədliyimi irəli sürəcəm. Bu barədə Trend ə Müsavat Partiyası başqanını müavini Arif Hacılı bildirib.
A.Hacılı onu da qeyd edib ki, nizamnaməyə görə başqan müavinlərini müəyyənləşdirdikdən sonra Məclisin təsdiqinə verməlidir. A.Hacılı onu da vurğulayıb ki, müavinlərin sayını müəyyənləşdirmək Məclisin səlahiyyətindədir: "Hazırda partiya sədrinin 7-8 müavini var. Bu say azala da bilər. Yeni tərkib təsdiq olunanadək hələlik biz öz vəzifəmizi yerinə yetiririk".
Müsavat rəsmisi Məcls sədrinin seçilməsi prosedurasına da toxunub. Bildirib ki, Məclis üzvlərindən hər biri sədrliyə öz namizədliyini verə bilər: "Məclis üzvü kimi başqanın özü də sədrliyə namizədliyini verə bilər. Divan və Məclis üzvülüyünə gizli səsvermə yolu ilə seçim keçirilir".
A.Hacılı onu da bildirib ki, Məclis sədrinə kimin namizədliyinin verilməsi ilə bağlı müzakirələr aparılır. "Sizin özünüzün Məclisin sədri olmaq şansınız varmı" sualına A.Hacılı belə cavab verib: "Müzakirələrin sonunda öz qərarımı verəcəm. Bu məsələ ilə bağlı partiyada hər hansı bir nüfuz davası getmir. Biz partiyanın daha da gücləndirilməsi yolları axtarışındayıq". A.Hacılı onu da bildirib ki, Məclisin toplantısına bir həftə qalmış sədrliyə namizədlər ərizə ilə rəhbərliyə müraciət etməlidir: "Partiya rəhbərliyi və partiya yoldaşlarımla bu məsələ ilə bağlı intensiv müzakirələr aparıram. Hesab etsəm ki, Məclisə sədr olmağım partiyanın inkişafına müsbət təsir göstərə biləcək, onda namizədliyimi irəli sürəcəm".
A.Hacılı onu da qeyd edib ki, Məclisin toplantısı iyun ayının birinci yarsında keçirilə bilər.