İslam Konfransı Təşkilatının iyunun 19-20-də Bakıda keçiriləcək iclasında YUNESKO-nun rəsmi nümayəndəsinin iştirakı gözlənilir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi Elyanora Hüseynova məlumat verib.
Onun sözlərinə görə, İKT ölkələri XİN başçılarının Bakı iclasında YUNESKO baş direktorunun xarici əlaqələr üzrə müavini Əhməd Səyadın iştirak edəcəyi gözlənilir. Onunla birgə Bakıya Əfqanıstanın YUNESKO-dakı səfiri Məhəmməd Əziz də gələcək.
E.Hüseynova bildirib ki, YUNESKO və İKT arasında sıx əlaqələr mövcuddur. Ötən il təşkilatın nəzdində İKT-yə daxil olan dövlətlərlə əlaqələr üzrə ayrı-ayrı qruplar yaradılıb. Qrup kifayət qədər fəal işləyir və bu yaxınlarda Məhəmməd peyğəmbərin karikaturasının dərci ilə əlaqədar baş vermiş hadisələr zamanı dinə hörmət və dinin toxunulmazlığı ilə bağlı mövqenin yer aldığı qətnamə ilə çıxış edib", - deyə E.Hüseynova qeyd edib.