Naxçıvan Tibb Məktəbinin 75 yaşı tamam olur. Məktəb 1931-ci ildə Azərbaycan Xalq komissarları sovetinin "Orta tibb heyətinin hazırlanması" qərarı ilə Naxçıvan xalq səhiyyə komissarlığının nəzdində fəaliyyətə başlayıb. 1941-ci ilə qədər məktəbi bitirən məzunlar Muxtar Respublikanın səhiyyə məntəqələrində ixtisaslı tibbi kadrlara olan ehtiyacı qismən ödəyiblər.
Məktəbin 75-illiyi münasibətilə keçirilən tədbirdə tibb ocağının direktoru, NMR Ali Məclisinin depütatı, tibb elmləri namizədi Alı Əliyev çıxış etdi. Tədbirdə Muxtar Respulikanın tanınmış həkimləri və bir sıra rəsmi nümayəndələr iştirak etdilər. MR Ali Məclisinin sədri Vasif Talıbov da tibb ocağı haqqında ürək sözlərini dedli.
Tibb məktəbində mamalıq, müalicə, tibb bacısı və əczaçılıq ixtisasları üzrə 415 tələbə təhsil alır. Tələbələrin ixtiyarına 18 sinif otağı, idman zalı, tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, terapiya, pediatriya, cərrahiyyə, mamalıq və ginekologiya, yolxucu xəstəliklər, anatomiya və fiziologiya, farmakologiya kabinələri verilib. Tələbələrin ictimai fəallığını artırmaq üçün isə ictimai elmlər, həmçinin xarici dillər kabinələri yaradılıb, məktəb kompüterlə təmin olunub.