Noyabrda Lerik və Yardımlı rayon mərkəzləri tamamilə qazla təmin olunacaq. Trend in xəbər verdiyi kimi, bu barədə "Azəriqaz" QSC-nin sədri Əlixan Məlikov məlumat verib. Hazırda magistral qaz kəmərlərinin inşası üzrə işlərə başlanıb. Azərbaycan prezidentinin sərəncamına əsasən, gələn ilin sonlarınadək Azərbaycanın yanacaq almayan bütün rayonları qazla təmin olunmalıdır. Hazırda bu rayonlar Lerik, Yardımlı, Ağcabədi və Beyləqandır. 2006-cı ildə Lerik və Yardımlıya qaz veriləcək. Regiona qazın verilməsi və bilavasitə əhalinin bu yanacaqla təmin olunması üçün 64 km uzunluğunda magistral qaz kəmərinin çəkilməsi nəzərdə tutulur. Lerik rayonunda işlər "Randsand", Yardımlıda isə "Qaradağ səyyarneftqaztikinti" şirkətləri tərəfindən həyata keçiriləcək. Bunların hər ikisi Azərbaycan şirkətləridir.
Əvvəllər Beyləqan və Ağcabədi qazla təmin olunurdu. Ağcabədiyə qaz hazırda işğal altında olan Ağdam rayonundakı qaz kəməri ilə verilirdi. Beyləqana isə qaz İmişli rayonu vasitəsilə çatdırılırdı. Ancaq hazırda bu qaz kəməri texniki baxımdan köhnəlib. Hər iki rayona qaz Bərdə rayonundan veriləcək. İşlərin bu ilin ortalarında başlanması və 2007-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulur.