...

Azərbaycan XİN başçısının müavini Cenevrədə danışıqlar aparıb

Siyasət Materials 24 İyun 2006 14:19 (UTC +04:00)

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iyunun 19-23-də Cenevrədə bir sıra danışıqlar aparıb. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən bildiriblər.

Xarici işlər üzrə Federal departamentin dövlət katibi M.Ambüllə keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişafı, Bakıda İsveçrə səfirliyinin açılması perspektivi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, iki ölkənin seçildiyi BMT-nin İnsan Hüquqları Şurasında birgə fəaliyyət, təhlükəsizlik sahəsində məsləhətləşmə və əməkdaşlıq ehtimalı və s. müzakirə edilib. İsveçrənin ÜTT-dəki baş sözçüsü L.Vaseça ilə məsləhətləşmələrdə ölkənin ÜTT-yə daxil olması ilə bağlı vəziyyət, intellektual mülkiyyət və standartlaşdırma sahəsində İsveçrə tərəfindən texniki yardımın göstərilməsi, Azərbaycan mütəxəssislərinin ticarət siyasəti üzrə İsveçrədəki kurslarda iştirakı və s. məsələlər gözdən keçirilib. İsveçrənin Əməkdaşlıq və inkişaf agentliyinin baş direktoru V.Fust ilə keçirilən görüşdə Azərbaycanda həyata keçiriləcəyi nəzərdə tutulan layihələr gözdən keçirilib.

Bununla yanaşı, M.Məmmədquliyev Pakistan, Əmman, Hindistan, Misir, Paraqvay, Cənubi Koreya, ABŞ və BƏƏ-nin ÜTT-dəki diplomatik nümayəndəliklərinin rəhbərləri, Avropa İttifaqının, Rusiyanın ÜTT katibliyindəki üzvolma şöbəsinin diplomatları ilə danışıqlar aparıb. Azərbaycanın üzvlüyü şərtlərinin ÜTT üzvləri tərəfindən qəbul olunması, həmçinin Azərbaycanın inkişaf etməkdə olan ölkə statusu ilə təşkilata qəbulunun dəstəklənməsi ilə bağlı məsələlər müzakirə edilib. Əmmanla aparılan məsləhətləşmələrin nəticəsi kimi Azərbaycanın əmtəə və xidmət bazarına çıxışı ilə bağlı şərtlər razılaşdırılıb. Payızda Cenevrədə yaradılmış İşçi qrupun 5-ci görüşü zamanı Azərbaycanın ÜTT-yə daxil olması barədə ikitərəfli protokolun imzalanması barədə razılıq əldə olunub. Beləliklə, Əmmanla ikitərəfli görüşlər başa çatıb. Azərbaycan indiyədək Moldova və Gürcüstan ilə də müvafiq ikitərəfli danışıqlar aparıb.

Həmçinin İsveçrənin Beynəlxalq əlaqələr institutunun direktor müavini D.Uorner, BMT-nin insan haqları üzrə ali komissarı L.Arburl, BMT-nin Ticarət və inkişaf konfransının baş katibi ilə də müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti