...

Nika Gilauri: "Gürcüstanın "Şahdəniz" layihəsi üzrə əlavə pay alması məsələsi istiqamətində danışıqlar iyunun 13-də başa çata bilər"

Siyasət Materials 27 İyun 2006 15:34 (UTC +04:00)

Trend in Gürcüstanın energetika naziri ilə eksklüziv müsahibəsi

- Tiflisdə Cənubi Qafqaz qaz kəməri üzrə Gürcüstanın kvotasının artırılması imkanlarının müzakirəyə çıxarıldığı Azərbaycan və Türkiyə ekspertlərinin görüşü başa çatıb. Görüşün nəticələrini necə qiymətləndirirsiniz?

- Artıq bir ildir ki, biz Türkiyə tərəfi ilə danışıqlar aparırıq və deyə bilərəm ki, bu məsələdə müəyyən irəliləyiş nəzərə çarpıb. Ancaq bütün məsələlər tez həll olunmur. Artıq mövcud sazişlərə görə, Gürcüstan Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyəyə tranzitindən ildə 250 mln m3 qaz ala bilər. Ancaq bu, kifayət deyil və biz payımızı ildə 1,5-2 mlrd kub metrədək artırmaq niyyətindəyik. Birinci mərhələdə, qaz kəmərinin işə salınmasından dərhal sonra, yəni sentyabr-oktyabr aylarından ilin sonlarınadək bizim payımız 50 mln. m3 təşkil edəcək. Çünki bu mərhələdə qazın sınaq buraxılışı həyata keçiriləcək.

Danışıqlara gəldikdə, bütün məsələ Gürcüstanın "Şahdəniz" yatağından əlavə qazı hansı qiymətə alacağı ilə bağlıdır. Biz əlavə qaz alınmasını təmin etməliyik. Çünki bu, enerji təhlükəsizliyinin təmin olunması zəruriliyi ilə əlaqədardır.

Biz məsləhətləşmələri iyulun 13-də, dövlət başçılarının BTC neft kəmərinin işə salınması ilə bağlı təntənəli mərasimlərdə görüşü zamanı davam etdirmək niyyətindəyik. Ən yaxşı halda məsələ artıq iyulda həll olunacaq. Ancaq bədbin proqnoz da var. Bu proqnoz danışıqların sentyabr ayına keçirilməsini nəzərdə tutur. Bu görüşədək mən azərbaycanlı və türkiyəli həmkarlarımla hazırlıq işləri aparmışam. İndi isə baş nazir Z.Noqaideli danışıqlar aparacaq.

- Ekspertlərin bu görüşü "Avrasiyanın enerji təhlükəsizliyi: bazara çıxış və investisiya siyasəti" adlı beynəlxalq konfransla paralel olaraq keçirilib. Bu konfransda Transxəzər qaz kəmərinin inşası perspektivindən danışılıb ki, bu da Avropada enerji təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Fikrinizcə, bu layihənin hansı perspektivləri var?

- Ekspertlər səviyyəsində artıq belə bir fikir səsləndirilib ki, Avropa enerji daşıyıcılarının tədarük yollarının diversifikasiyası vasitəsilə enerji təhlükəsizliyinə ehtiyac duyur və konfrans Avropaya belə bir yol təklif etmək məqsədini qarşıya qoyub.

Konfransda Avrasiya potensialını yeni proqressiv fəaliyyət planına çevirmək üçün enerji daşıyıcılarının tədarükü üzrə kollektiv təhlükəsizliyin yeni yanaşmaları işlənib hazırlanıb. Elə burada İƏT-in hazırlanmasını ABŞ-ın öz üzərinə götürməsinə dair qərar qəbul olunub. Ancaq layihə hələ erkən baxılma mərhələsində olduğundan real perspektivlərdən danışmaq tezdir.

- Hər halda bu layihədən söhbət gedirsə, Avropaya qaz tədarükü üzrə hansı konkret marşrutların nəzərdən keçirildiyini müəyyən etmək olarmı?

- Bu mərhələdə biz Avropaya qaz tədarükünün üç variantını ciddi surətdə nəzərdən keçirirk: 1-ci marşrut - Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avstriya, 2-ci marşrut - Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Yunanıstan-İtaliya və 3-cü marşrut - Qazaxıstan-Azərbaycan-Gürcüstan-Qara dəniz-Ukraynadır. Sonuncu variantda həm Ukrayna, həm də Gürcüstanda maye qaz terminalının inşası imkanları nəzərdə tutulur.

- Enerji daşıyıcılarının tranziti üzrə BTC və Transxəzər kimi irimiqyaslı layihələrin gerçəkləşdirilməsinin real planlarında Bakı-Supsa boru kəməri öz əhəmiyyətini itirməyəcək ki?

- Xeyr. Çünki məhz Supsada iri maye qaz terminalının inşası imkanları nəzərdən keçirilir.

- Gürcüstanın enerji borcu Azərbaycan tərəfi ilə danışıqları çətinləşdirmir ki?

- Bu, bizim işgüzar və tərəflaşlıq əlaqələrimizdə özünü qətiyyən göstərmir. Belə ki, biz artıq elektrik enerjisinin tədarükünə görə borcumuzun 2/3 hissəsini ödəmişik. Borcun hüquqi komponentlərinin rəsmiləşdirilməsi ilə bağlı problemlər mövcud olub. Çünki dövlət 1999-2000-ci illərdə Azərbaycandan elektrik enerjisi almayıb. Ancaq bu texniki məsələlər tənzimlənib və indi biz cəmi 10 mln kVt enerjiyə görə borcu ödəməliyik. Birgə sazişə əsasən, biz bu borcu yay aylarında qaytaracağıq.

Xəbər lenti

Xəbər lenti