...

BMTİP Azərbaycan əhalisinin dövlət reyestrinin yaradılma layihəsi üçün Ədliyyə Nazirliyinə 360 min ABŞ dolları ayırıb

Siyasət Materials 3 İyul 2006 14:43 (UTC +04:00)
BMTİP Azərbaycan əhalisinin dövlət reyestrinin yaradılma layihəsi üçün Ədliyyə Nazirliyinə 360 min ABŞ dolları ayırıb

İyulun 3-də Bakıda "Azərbaycan Respublikası əhalisinin dövlət reyestrinin yaradılması və inkişafı" layihəsi üzrə BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycanın Ədliyyə Nazirliyi arasında saziş imzalanıb. Trend in verdiyi xəbərə görə, sənədi BMTİP-nin Azərbaycandakı rezident-koordinasiyaçısı Marko Borsotti və ədliyyə naziri Fikrət Məmmədov imzalayıblar.

F.Məmmədov bildirib ki, Azərbaycan prezidentinin 21 fevral tarixli sərəncamına əsasən, Ədliyyə Nazirliyinə ölkə əhalisinin dövlət reyestrinin yaradılması üzrə proqramın həyata keçirilməsi həvalə olunub. Ötən vaxt ərzində ekspert işçi qrupu yaradılıb, bu sahədə bir sıra Avropa ölkələrinin təcrübəsi öyrənilib, Fəaliyyət Planı təsdiq olunub, parlament tərəfindən isə müvafiq qanun qəbul edilib. ATƏT-in Bakıdakı nümayəndəliyi, həmçinin Azərbaycan höküməti tərəfindən dövlət reyestrinin yaradılma layihəsi üçün ayırdığı ümumi məbləğin (1,080 milyon ABŞ dolları) üçdə birini - 360 min ABŞ dolları verən BMTİP bu işdə öz köməklərini göstəriblər. Bununla yanaşı, F.Məmmədov qeyd edib ki, ayrılan vəsaitlər layihənin həyata keçirilməsi üçün kifayət olmaycaq və iki, bəlkə də üç dəfə artıq maliyyə vəsaiti tələb olunacaq. Bu mərhələdə vəsaitlər reyestrin yaradılmasının başlanmasına, texniki tapşırığa, proqram təminatının işlənməsinin başlanmasına sərf olunacaqlar.

O xüsusi olaraq qeyd edib ki, Bakıdakı VVAQ- ların əksəriyyətinin və ölkə VVAQ-larının təxminən üçdə birinin kompüterləşdirilməsi dövlət reyestrinin yaradılmasına xeyli kömək göstərəcək. Nazirin sözlərinə görə, hər bir vətəndaşın reyestri, xüsusilə dəyişilmiş soyadı, yaxın qohumlar barədə məlumatlar, biometrik xüsusiyyətlərin daxil olduğu 18 göstəricidən ibarət olacaq. Reyestrin yaradılması seçkilər zamanı seçici siyahılarının tərtib olunması ilə bağlı problemlərə son qoyacaq, həmçinin əhali tərəfindən məlumatın əldə olunmasını asanlaşdıracaq.

Öz növbəsində, M.Borsotti bildirib ki, reyestrin yaradılması əhalinin dövlət qeydiyyatı sahəsində şəffaflığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir. O, bu və ya digər layihələr üzrə Ədliyyə Nazirliyi ilə əməkdaşlıqdan razı qaldığını və reyestrdə toplanmış məlumatların müdafiə sisteminin yaradılacağına ümid etdiyini bildirib. O həmçinin digər ölkələrin müsbət təcrübəsinin öyrəniləcəyinə, effektiv kompüter sisteminin və onun proqram təminatının yaradılacağına inandığını qeyd edib.

BMT-nin Bakı nümayəndəliyinin başçısı Maurisio Pavesi reyestrin effektiv müdafiə sisteminin yaradılmasının zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, reyestrin yaradıldığı bir çox ölkələrdə bu aspekt qənaətbəxş deyil. O, ATƏT-in bu istiqamətdə arzuolunan yardımı göstərməyə hazır olduğunu qeyd edib. M.Pavesi xatırladıb ki, son 2 il ərzində ATƏT-in köməyi ilə Bakı polisi üçün avtomatik kompüterləşdirilmiş sistem yaradılıb, indi isə ölkə bölgələrində biznesin aparılması üçün oxşar sistemin yaradılması üzərində işlər gedir.

Xəbər lenti

Xəbər lenti