Avqustun 9-da Azərbaycanda səfərdə olan Türkiyə dövlət naziri, fövqəladə hallar, gənclər və idman sahələri üzrə dövlət naziri Məhmət Əli Şahinlə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında niyyət protokolu imzalanıb. Trend in məlumatına görə, sənəd fövqəladə hallarla bağlı ölkələr arasında ikitərəfli əməkdaşlığı nəzərdə tutur.
Sənədin imzalanmasından sonra türkiyəli nazir jurnalistlər üçün brifinqdə deyib ki, protokol Türkiyə və Azərbaycanın üzləşə biləcəyi fövqəladə hadisələr zamanı qarşılıqlı yardımlarını, köməkliklərini təmin edəcək: "Allah göstərməsin, bir fəlakət baş verərsə, bu anlaşmaya görə tərəflər dərhal bir-birinə yardım edəcəklər. Həmçinin fəlakət meydana çıxmazdan əvvəl onun necə əngəlləncəyini, birlikdə hansı tədbirlər görüləcəyini də nəzərdə tuturuq".
Kəmaləddin Heydərov isə bildirib ki, Azərbaycanın Türkiyə ilə bu sahədə qarşılıqlı əməkdaşlığı səmərəli ola bilər. Ona görə də ölkəmiz qardaş Türkiyə ilə fövqəladə hallar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.