Müxalifətyönlü Müsavat Partiyası Məclisinin sentyabrın 30-da keçiriləcək növbəti toplantısında məclis sədri ilə yanaşı iki Divan üzvü və bir neçə komissiya sədri də seçiləcək. Bu barədə Trend ə Müsavat Partiyası başqanını müavini Arif Hacılı bildirib.
Qeyd edək ki, Müsavat Partiyası Məclisinin sədrliyinə yalnız sədrin birinci müavini Vurğun Əyyub və müavini Sülhəddin Əkbər namizədliklərini vermişdi. Məclisin iyulun 10-da keçirilən ilk iclasında namizədlərin heç biri səs toplamamışdı. Onu da bildirək ki, iclasda sədrin digər müavini Rauf Arifoğlu namizədlərin hər birinin ünvanına kəskin ittihamlar söyləmişdir ki, bu da sonradan partiya daxilində tərəflər arasında qarşıdurmaya səbəb olmuşdu.
A.Hacılı bildirib ki, bu dəfə seçkilər alternativ qaydada keçiriləcək: "Mənim bildiyimə görə hər bir yerə bir neçə namizəd olacaq. Namizədlərin irəli sürülmə prosesi sentyabrın 15-dən 25-dək davam edəcək. Məclis zamanı partiyanın heç bir üzvü öz namizədliyini irəli sürə bilməz". Müsavat rəsmisi onu da qeyd edib ki, partiya başqanı İsa Qəmbərin Məclisin növbəti iclasında daha üç müavinini təyin etmək ehtimalı var: "Bu təyinatdan sonra məclis onların səlahiyyətini təsdiq edəcək".