...

"Xəzəryanı regionda iqtisadi-siyasi vəziyyət və Azərbaycan" mövzusu müzakirəyə çıxarılıb

Siyasət Materials 19 Sentyabr 2006 15:10 (UTC +04:00)

"Xəzər - Gələcək Naminə Tərəfdaşlıq" İctimai Birliyi "Xəzəryanı regionda iqtisadi-siyasi vəziyyət və Azərbaycan" mövzusunda dəyirmi masa keçirib. Trend in məlumatına görə, toplantıda Xəzəryanı regionun problemləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb, məruzələr dinlənilib.

Bakı Dövlət Universitetinin professoru Pərvin Darabadi çıxışında bildirib ki, bir sıra iri dövlətlər Mərkəzi Avrasiyada liderə çevrilməyə, özlərinə mövqe qazanmağa çalışır, bu səbəbdən də onların regionda maraqları toqquşur. Professorun fikrincə, Azərbaycan bu proseslərdən öz maraqlarına uyğun yararlanmalı, ümumilikdə Xəzəryanı dövlətlər birləşib onlara qarşı kənar təsirləri sıfıra endirməlidirlər.

"Xəzər - Gələcək Naminə Tərəfdaşlıq" İctimai Birliyinin prezidenti, politoloq Rüstəm Məmmədov məruzəsində qeyd edib ki, Xəzəryanı regionda yanacaq və onun yaratdığı ekoloji problemlər, həmçinin beynəlxalq təhlükəsizlik məsələləri, Rusiyanın bölgədəki siyasəti, İranın nüvə proqramı, Xəzər dənizinin statusunun müəyyənləşməməsi və digər problemlər mövcuddur. R.Məmmədovun sözlərinə görə, İrana qarşı hərbi əməliyyatlar başlayarsa, bölgədə humanitar fəalkət baş verəcək, bundan qonşu ölkələr arasında ən çox Azərbaycan ziyan çəkəcək. Həm humanitar fəlakəti, həm İranda çoxmilyonlu azərbaycanlı əhalinin yaşamasını, həm də minillik qonumuz olmasını nəzərə alaraq Azərbaycan İrana qarşı müharibə təhlükəsinin maksimum dərəcədə azalmasına çalışmalıdır. Məruzəçi onu da qeyd edib ki, Azərbaycanın Qazaxıstanla yaxın əməkdaşlığı, ölkələrin neftinin BTC ilə dünyaya çıxması digər dövlətlərdə qısqanclıqla qarşılanır. Çünki Qazaxıstanın Rusiya ilə, Çinlə də yaxın əməkdaşlığı var və BTC-nin rentabelliyinin artması üçün Azərbaycanla
əməkdaşlığının artırılması yeni bir təhlükəyə çevrilə bilər.

"Xəzərin statusunun olmaması beynəlxalq təhlükəsizlik üçün problemdir və dənizkənarı dövlətlərin siyasi qaşıdurmasına səbəb olur. Xəzərdə hərbi təlimlərin keçirilməsi, sərhədlər üzərindən təyyarələrin uçması və digər məsələlər Xəzəryanı dövlətlər arasında sazişlər əsasında aparılmır və bunun üçün mexanizm də hazırlanmayıb"-deyə politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti