...

ABŞ Dövlət Departamentinin nümayəndəsi: ABŞ Azərbaycanla İT sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 21 Sentyabr 2006 20:53 (UTC +04:00)

ABŞ Azərbaycanla informasiya texnologiyaları (İT) sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyndə (ARİTN) keçirilmiş bugünkü görüşdə ABŞ Dövlət Departamentinin İqtisadi və Biznes İşləri Bürosunun beynəlxalq rabitə və informasiya siyasəti üzrə koordinatoru Devid Qross bildirib.

Onun sözlərinə görə, Azərbaycan İT sahəsinin inkişafı və yeni texnologiyaların tətbiqi üzrə böyük potensiala malikdir.

D. Qross qeyd edib ki, dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bu istiqamətdə inkişafın gələcək perspektivləri müzakirə olunub.

"Hər bir sahədə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də bütün sahəni tənzimləyəcək müəyyən qanunverici baza olmalıdır", - deyə o vurğulayıb.

D. Qross hesab edir ki, inkişafın ümumi perspektivində əsas rolu həm orta, həm də ali təhsillə yanaşı, ixtisaslaşmış kadrların hazırlanması oynayır.

Nazirlikdə keçirilmiş görüşdə ARİTN başçısından başqa, ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Eni Dersi, dövlət müəssisələri, qeyri-hökumət təşkilatları, İT şirkətləri nümayəndələri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti