...

Bələdiyyə seçkiləri ilə bağlı "Seçkilər" İnformasiya Mərkəzinin yerli bölmələri fəaliyyət göstərəcək

Siyasət Materials 26 Sentyabr 2006 16:12 (UTC +04:00)

Oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərinin ilkin nəticələrinə dair operativ şəkildə məlumatlar verilməsi üçün Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin Azərbaycanın bəzi bölgələrində yerli bölmələri fəaliyyət göstərəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.

O bildirib ki, artıq ötən seçkidə tətbiq edilmiş bu təcrübədən bu dəfə də istifadə olunacaq. Qeyd edək ki, ötən il keçiriliş parlament seçkisində Bakıdan başqa 4 şəhərdə "Seçkilər" İnformasiya Mərkəzinin yerli bölməsi açıldı və səsvermənin nəticələrinə dair məlumatlar bölmələrdə quraşdırılmış monitorlarda yayımlandı.

İqbal Babayev qeyd edib ki, bu dəfəki seçki təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkiləri olduğundan çox məntəqəni əhatə edir və bələdiyyələrin və ora seçiləcək namizədlərin sayının çoxluğu ilə fərqlənir. Buna görə də "Seçkilər" İnformasiya Mərkəzinin harada bölmələrinin yaradılması ciddi təhlil olunmalı, əlverişli yerlər seçilməlidir.

"Yerli bölmələrin yaradılması üçün texniki baxımdan heç bir problem yoxdur. Lakin bölmələr üçün elə yerlər seçilməlidir ki, orada yayımlanan məlumatlar insanlara maraqlı olmalı və onların ərazisini əhatə etməlidir. Bunun üçün araşdırma aparırıq"-deyə İ.Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti