Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda öz işinə başlayan Müstəqil Dövlətlər Birliyi onkoloqlar və radioloqlarının dördüncü qurultayının iştirakçılarına müraciət göndərib. Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti qurultayın ölkəmizdə tibb elminin və səhiyyənin daha da inkişaf etməsinə sanballı töhfə verəcəyinə əmin olduğunu bildirib.
Müraciətində dövlət başçısı bildirib ki, qurultayın Bakıda keçirilməsi Birlik dövlətlərinin vahid elmi məkanının qorunub saxlanması üçün Azərbaycan Milli Onkologiya Mərkəzi ilə uğurlu əməkdaşlığın nəticəsidir.
"Hazırda bəşəriyyət dünyada baş verən qlobal texnogen və ekoloji dəyişikliklərin mənfi nəticələri ilə qarşılaşıb. Bütün bunlar onkoloji xəstəliklərin dinamikasına da öz təsirini göstərib", - deyə dövlət başçısı müraciətində bildirib.
Qurultayın işi oktyabrın 1-dək davam edəcək. Tədbir zamanı dünya şöhrətli alimlər tərəfindən bədxassəli yenitörəmələr problemlərinin tədqiqində müasir yanaşmalar və yeni meyllər təqdim olunaraq, plenar mühazirələrdə, simpoziumlarda müzakirə olunacaq.
Qurultayın təşkilatçıları Azərbaycan Səhiyyə Nazirliyi, MDB Onkologiya, Radiologiya və Rentgenologiya Mərkəzləri və İnstitutlarının Direktorları Assosiasiyası, Azərbaycan Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetidir.