...

Əli Həsənov: Bu mərhələdə Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunması düzgün deyil

Siyasət Materials 10 Oktyabr 2006 13:17 (UTC +04:00)
Əli Həsənov: Bu mərhələdə Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunması düzgün deyil

Bu mərhələdə Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunması düzgün deyil. Trend xəbər verir ki, bu barədə Bakıda oktyabrın 10-da ATƏT-in təşkil etdiyi konfransda Azərbaycan prezidentinin İcra aparatının ictimai şöbəsinin müdiri Əli Həsənov bildirib.

O hesab edir ki, bu cür qanun, ilk növbədə, inkişaf etmiş ölkələrdə qəbul olunmalıdır. "Artıq bu sistemin uzun illər mövcud olduğu Avropa ölkələrində jurnalist məsuliyyəti anlayışı formalaşıb, jurnalistlərin mənəvi kodeksi mövcuddur və onların statusu müəyyənləşdirilib, ona görə də bu qanunu əvvəlcə həmin dövlətlər qəbul etməlidirlər. Lakin əgər Avropa ölkələri bunu bir xartiya kimi qəbul etsələr, o zaman Azərbaycan da, Avropa Şurasının bir üzvü kimi, ona qoşulacaq", - deyə Ə.Həsənov bildirib.

Öz növbəsində, ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti qeyd edib ki, söz azadlığı üzrə cinayət məsuliyyətini nəzərdə tutan maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır. O hesab edir ki, hər bir vətəndaş öz fikrini söyləmək hüququna malikdir. "Jurnalist başqaları kimi cinayət məsuliyyəti daşımamalıdır. Bu, cəmiyyətdə böyük mübahisələrin səbəbinə çevrilir. Jurnalistlərlə bağlı məsələlər mülki məhkəmələr tərəfindən həll olunmalıdırlar", - deyə o qeyd edib.

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia qeyd edib ki, heç bir şey söz azadlığından daha mühüm ola bilməz. O hesab edir ki, jurnalistlərin sanksiyalardan daha çox dəstəyə ehtiyacları var. D.Bribosia həmçinin Avropa Şurası baş katibi Terri Devisin təşkilatın üzv-ölkələrinə söz azadlığına görə cəzanı ləğv etmək çağırışını xatırladıb.

Xəbər lenti

Xəbər lenti