Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatı Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Bu barədə Trend ə "Qeyrət" Hərəkatının təşkilat şöbəsinin müdiri, keçmiş deputat Zümrüd Qurbanov məlumat verib.
O bildirib ki, son aylarda Rusiya ilə Gürcüstan arasında vəziyyətin gərginləşməsi nəticəsində Gürcüstan əhalisinin sosial-iqtisadi vəziyyəti çətinləşib. Həmçinin Rusiyadan Gürcüstan vətəndaşlarının deportasiyası da əlavə problemlər yaradır. Bunları nəzərə alaraq Gürcüstan azərbaycanlılarını təmsil edən "Qeyrət" Hərəkatı Rusiya prezidentinə müraciət qəbul edib. Müraciətdə Rusiya rəhbərliyindən Gürcüstanla münasibətlərini güc müstəvisində, iqtisadi sanksiyalar tətbiq etməklə deyil, danışıqlar yolu ilə həll etməsi xahiş olunur.
"Çünki Rusiya ilə Gürcüstanın münasibətlərinin gərginləşməsindən təkcə gürcü xalqı deyil, digər millətlərin nümayəndələri də ziyan çəkir. Rusiyada Gürcüstan vətəndaşı olan çoxlu sayda azərbaycanlı və digər xalqların nümayəndələri yaşayır, çalışır. Onların deportasiyası Rusiyanın təkcə Gürcüstan dövləti ilə deyil, həmçinin digər xalqlarla da münasibətlərinə mənfi təsir göstərə bilər. Ona görə də biz Gürcüstanla problemlərin güc müstəvisində, iqtisadi sanksiyalar tətbiq etməklə deyil, danışıqlar yolu ilə həll edilməsini xahiş edirik"-deyə müraciətdə bildirilir.
Zümrüd Qurbanov xatırladıb ki, Rusiyadan Gürcüstan vətəndaşlarının deportasiyası təkcə gürcü xalqının çıxarılması kimi başa düşülməməlidir. Çünki Rusiyada çoxlu sayda Gürcüstan azərbaycanlısı yaşayır.