Noyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barroso Brüsseldə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar. Məqsəd AB və Azərbaycan arasında enerji sahəsində tərəfdaşlığın yaradılmasından ibarətdir. Trend in xəbər verdiyi kimi, bu barədə AB-nin məlumatında deyilir. Avropalı ekspertlərin fikrincə, memorandumun həyata keçirilməsi Azərbaycanın Avropanın enerji bazarına daha çox inteqrasiyasına nail olunmasına şərait yaradacaq, Xəzər hövzəsindən tədarüklər sayəsində AB-nin enerji təhlükəsizliyini artıracaq, Azərbaycanda daha səmərəli enerji tələbatının inkişafına yardım edəcək.
"Biz şadıq ki, AB və Azərbaycan arasında münasibətlər Avropa Qonşuluq Siyasətinin köməyi ilə güclənəcək. Enerji və iqtisadi əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizdə mühümdür. Münasibətlərimiz demokratiyanın ümumi dəyərlərinə əməl olunması, düzgün idarəetmə, əsas azadlıq və insan hüquqlarının qorunmasına da aiddir. Biz Azərbaycanla siyasi və iqtisadi sahədə işi davam etdirəcəyik. Bu barədə imzalanma mərasimindən sonra AK-nın sədri bildirib.
İlham Əliyevlə görüşən enerji məsələləri üzrə komissar Andris Piebalqs bildirib ki, enerji ehtiyatlarının əsas tədarükçüsü, o cümlədən mühüm tədarükçü ölkə olan Azərbaycanla sıx əlaqələr AB-nin enerji təhlükəsizliyinin artmasına kömək edəcək.
Memorandum 4 əsas bənddən ibarətdir:
- Azərbaycan qanunvericiliyinin Birliyin enerji sahəsindəki qanunvericiliyinə tədricən uyğunlaşdırılması. Bu, enerji daşıyıcıları bazarlarında konvergensiyaya gətirib çıxaracaq.
- Azərbaycan və Xəzər hövzəsindən AB-yə enerji ehtiyatlarının və tranzit sistemlərinin qorunması və təhlükəsizliyinin gücləndirilməsi;
-enerji ehtiyatlarına olan tələbatı idarəetmə üzrə hərtərəfli siyasətin inkişafı;
- texniki əməkdaşlıq və təcrübə mübadiləsi.
İqndiyədək AB Azərbaycana 400 mln. avro ayırıb.