...

İqbal Ağazadə: "2008-ci ildə İsa Qəmbərlə sivil qaydada rəqib olsaq, münasibətlərimiz yenə də normal olaraq qalacaq"

Siyasət Materials 10 Noyabr 2006 15:15 (UTC +04:00)

"Mən Arzu Səmədov haqqında söylədiyim fikirlərin üstündə dururam və sözümü də yalnız ona ünvanlayıram. Lazım olarsa, yenə də gərəkli açıqlamalar verəcəm". Bu fikirləri Trend ə açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Qeyd edək ki, parlamentin noyabırn 9-da keçirilən iclasında İ.Ağazadə digər müxalifətçi deputat - Müsavat Partiyasını təmsil edən millət vəkili Arzu Səmədbəyli haqqında bir sıra ittihamlar səsləndirib. Bu gün noyabrın 10-da Müsavat Partiyasında keçirilən mətbuat konfransında Arzu Səmədbəyli İ.Ağazadənin ittihamlarına cavab verib və bildirib ki, bu, planlaşdırılmış şəkildə aparılan tədbilatdır: "İqbal Ağazadə 2008-ci ildə prezident seçkilərində Müsavat başqanı İsa Qəmbərə qarşı alternativ namizəd kimi hakimiyyət tərəfindən hazırlaşdırılır. Məqsəd qarabağlı elektoratı parçalamaq, ana müxalifətə qarşı müxalifətin öz içərisindən rəqib çıxarmaqdır. Hər kəs kimin kim olduğunu yaxşı bilir. İqbal Ağazadənin fikirləri daha çox xüsusi xidmət orqanlarının gizli məlumatlarına oxşayır. Bu, kimlərinsə planlı şəkildə həyata keçirilən layihəsidir"-deyə A.Səməbdəyli bildirib.

İqbal Ağazadə isə deyib ki, onun fikirləri Müsavat Partiyasının başqanına, həmçinin digər deputatlara aid deyil: "Mən konkret olaraq Arzu Səmədov haqqında fikrimi bildirdim və sözümün üstündə dururam. Pənah Hüseyn və digərləri haqda heç nə demədim. Kim mənim fikirlərimi hansı şəkildə yozacaqsa, hansı məqsədlər üçün istifadə edəcəksə, öz işidir. Bəli, mən 2008-ci il prezident seçkilərində namizəd olacam. Amma bu seçkidə alternativim kim olacaq və kimlər artıq bundan özünə təhlükə görürsə, bu, onların öz problemidir. İsa Qəmbərə böyük hörmətim var, dostumuzdur, 2003-cü ildə də onu dəstəkləmişəm. Bizim normal münasibətlərimiz var, kimsə bu münasibətləri başqa müstəviyə keçirmək istəyirsə, bu, mənim yox, onun problemidir"-deyə İ.Ağazadə qeyd edib.

O bildirib ki, 2008-ci ildə İsa Qəmbərlə sivil qaydada rəqib olsalar, yenə də onların münasibətləri normal olaraq qalacaq.

Xəbər lenti

Xəbər lenti