RF Dövlət Duması sədrinin müavini, bir çox beynəlxalq poseslərə şəxsi baxışları ilə seçilən Vladimir Jirinovski Trend in xüsusi müxbirinə müsahibəsində Gürcüstan və Ermənistanın qaz problemlərini şərh edib.
- Vladimir Volfoviç, məlumdur ki, Gürcüstan gələn ildən etibarən bir kub metri 230 ABŞ dollarına olan Rusiya qazını almaqdan imtina edir. Siz bu məsələni necə şərh edərdiniz?
- Çox yaxşı. Qoy onlar ümumiyyətlə nəinki qaz, həm də heç nə almasınlar. Qoy onlar işğalçılıq muzeyini aradan qaldırmayanadək bizdən heç nə almasınlar. Mən Gürcüstanla bütün əlaqələrin kəsilməsinin tərəfdarıyam. Bizə Gürcüstanla heç bir əlaqəyə malik olmaq lazım deyil. Qoy onlar Türkiyə, Avropa Birliyi, ABŞ-a meyl etsinlər və istədikləri kimi yaşasınlar. Daha sonra onların necə peşman olduqlarını görəcəyik. Hələlik onlar dövlət deyil və sadəcə olaraq digər dövlətlərin hesabına yaşayır. Yerdə qalan bütün məsələlər də bundan irəli gəlir. Məsələn, dünən onlar öz zavodlarında zir-zibil necə hazırladıqlarını nümayiş etdirib. Bu da bugünkü Gürcüstan.
- Necə düşünürsünüz, Gürcüstan Rusiya ilə qaz münaqişəsinin böyüdüyü təqdirdə RF qazının Ermənistana tranziti üçün öz ərazisindən istifadəni qadağan edə bilərmi? Bu halda Rusiya Ermənistana necə kömək edəcək?
- Edə bilərlər, ancaq bu, onların öz işidir. Qoy ermənilər nə edəcəklərini özləri düşünsün. Qoy onlar atom stansiyasına keçsin, İrəvan yaxınlığında daha bir stansiya bloku tiksinlər. Bu, onların öz işidir. Biz nə üçün onların qayğısına qalmalıyıq? Qoy hər bir ölkə özü öz qayğısına qalsın. Biz isə öz maraqlarımızı - Rusiyanın dövlət maraqlarını qoruyacağıq. Bizim üçün Gürcüstan ziyandan başqa bir şey deyil. Bu ağır yük və irin çuvalı Qafqazda ayaqlarımıza dolaşır. Buna görə də o bizdən nə qədər tez uzaqlaşsa, bir o qədər yaxşıdır.
- Necə hesab edirsininz, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tezlikləmi tanıyacaq?
- Nə vaxt istəsə, onda da tanıyacaq.
- Bu nə zaman baş verəcək?
- Yaxın illərdə bu baş verməyəcək. Biz gələcəkdə digər dövlətləri dağıtmaqla bağlı qınaq obyekti olmamaq üçün Kosovo variantını gözləyəcəyik. Qoy onlar Kosovonun müstəqilliyini tanısınlar. Daha sonra biz də Cənubi Osetiya və Abxaziyanı tanıyacağıq.