...

Səfir: Latviya Azərbaycanla ticari-iqtisadi əlaqələrin xeyli genişləndirilməsində maraqlıdır

Siyasət Materials 9 Yanvar 2007 18:15 (UTC +04:00)
Səfir: Latviya Azərbaycanla ticari-iqtisadi əlaqələrin xeyli genişləndirilməsində  maraqlıdır

Yaxın vaxtlarda Bakıda Azərbaycan və Latviya arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın ilk iclası keçiriləcək. Bu barədə Latviyanın Azərbaycandakı səfiri Mixails Popkovs (Mihails Popkovs) Trend ə eksklüziv olaraq məlumat verib.

İclasın fevral ayının ikinci yarısında və ya martda keçirilməsi planlaşdırılır. Səfirin sözlərinə görə, Latviyadan kifayət qədər nüfuzlu nümayəndə heyəti Bakıya gələcək, həm də bu, komissiyanın ilk iclasıdır. Hazırda iclasın gündəliyinin layihəsi Azərbaycan tərəfi ilə razılaşdırılır.

Səfir qeyd edib ki, komissiya Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin oktyabr ayında Latviyaya rəsmi səfərindən dərhal sonra formalaşıb. Azərbaycan tərəfdən həmsədr iqtisadi inkişaf naziri Heydər Babayevdir. Komissiyanın Latviya tərkibinin başçısı isə hələ müəyyən olunmayıb.

Komissiya yaradılanda Latviya tərəfdən həmsədr Latviyanın iqtisadiyyat naziri Ayqar Ştokenberqs (Aigars Stokenbergs) təyin olunmuşdu. Lakin ölkə hökümətində dəyişikliklərdən sonra bu vəzifəyə yeni iqtisadiyyat naziri Yuriys Strods təyin olunmalıdır. Diplomat vurğulayıb ki, indi məhz onun komissiyanın Latviya hissəsinə başçılıq edəcəyi gözlənilir.

M.Popkovsun sözlərinə görə, iclasın gündəliyinə ticarət, iqtisadiyyat, turizm, təhsil, humanitar sahə kimi prioritet sahələrdə əməkdaşlığın inkişaf məsələləri daxil olacaq. Səfir bildirib ki, iqtisadi əməkdaşlıq iclasın gündəliyində başlıca yer tutur.

Tərəflər həmçinin təxminən 20 sənədin daxil olduğu iki ölkə arasında müqavilə -hüquqi baza üzərində işləməlidirlər. "İndi Latviya tərəfi gündəliyə Latviya və Azərbaycan arasında bank sahəsi və bank nəzarəti sahəsində Əməkdaşlıq haqqında Müqavilənin işlənib hazırlanması və imzalanması haqqında məsələni daxil etməyi təklif edib. Ümid edirik ki, Azərbaycan tərəfi gündəliyin bu bəndini təsdiq edəcək və biz bu məsələni nəzərdən keçirəcəyik", - deyə diplomat qeyd edib. O hesab edir ki, əməkdaşlıq üçün bir sıra digər perspektiv sahələr, o cümlədən turizm sahəsi var. Ötən il Latviyanın Turizmin inkişafı üzrə Dövlət agentliyinin baş direktoru Azərbaycanda olub, Mədəniyyət və Turizm Nazirliyində görüşlər keçirib, eləcə də turizm şirkətlərinin rəhbərləri ilə görüşüb. Səfir bildirib ki, biz bu işi davam etdirmək niyyətindəyik.

Xəbər lenti

Xəbər lenti