...

Azərbaycan Səhiyyə Nazirliyi xəstəxanaya yerləşdirilmiş xəstədə "quş qripi" virusunun olmadığı barədə bəyanat verib

Siyasət Materials 26 Yanvar 2007 13:04 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi xəstəxanaya yerləşdirilmiş xəstədə "quş qripi" virusunun olmadığı barədə bəyanat verib

Azərbaycanın Səhiyyə və Kənd Təsərrüafatı Nazirlikləri bu gün birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, 24 yanvar 2007-ci il tarixində Salyan rayonunun Dayıkənd kəndinin bir nəfər sakini bronxopnevmoniya diaqnozu ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutuna hospitallaşdırılıb. Bu barədə Trend xəbər verir.

Xəstənin diaqnozunun dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə respublika baytarlıq laboratoriyasında 25 yanvar 2007-ci il tarixdə saat 19.30-da PZR üsulu ilə quş qripinə görə aparılmış ilkin müayinənin nəticəsi mənfi olub. Nümunələr Ümumdünya Səhiyyə Təşkilatının referens laboratoriyalarının birinə də göndəriləcək.

Qeyd olunan kənddə və ətraf ərazilərdə ev və çöl quşları arasında kütləvi tələfat müşahidə olunmayıb.

Çöl quşlarının mövsümi miqrasiyasını nəzərə alaraq və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə və Kənd Təsərrüfatı Nazirliyi əhaliyə quşlarla sıx təmasdan çəkinməyi, ev quşlarını çöl quşlarından təcrid etmək üçün onları qapalı şəraitdə saxlamağı, hər bir çöl və ya ev quşlarının ölüm hadisələri haqqında yerli dövlət baytarlıq xidmətinə məlumat verməyi, çöl quşlarını ovlamaqdan və istifadə etməkdən qəti imtina etməyi, yüksək hərarət (38 dərəcədən yuxarı) və kataral əlamətlər olan xəstələrin təcili tibb müəssisəsinə müraciət etməsini, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələrini tövsiyyə edir.

"Qaynar xətt" telefonları:

Səhiyyə Nazirliyi üzrə: 421-13-93

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq xidməti üzrə: 563-41-52

Xəbər lenti

Xəbər lenti