...

Milli Məclis sədri: "Ümid edirik ki, ATƏT Cənubi Qafqazdakı münaqişələrin həllinə öz layiqli töhfəsini verəcək"

Siyasət Materials 8 Fevral 2007 17:42 (UTC +04:00)

"Ümid edirik ki, geniş həcmli regional təşkilat kimi ATƏT Cənubi Qafqazda mövcud olan münaqişələrin həllinə öz layiqli töhfəsini verəcək." Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov fevralın 8-də ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarkerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O bildirib ki, Azərbaycan müstəqil dövlət kimi, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən ATƏT və onun Parlament Assambleyası ilə əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyev ölkəmizin Avroatlantik strukturlara inteqrasiyasını daim diqqət mərkəzində saxlayır.

Spiker qeyd edib ki, ATƏT unikal təşkilat kimi Avropa Təhlükəsizlik arxitekturası üçün çox önəmlidir: "Biz ATƏT-ə təkcə dialoq forumu kimi deyil, həm də münaqişələrin həllində mühüm rol oynaya biləcək qurum kimi baxırıq. Əlamətdar haldır ki, ATƏT Parlament Assambleyasının sədri Dağlıq Qarabağ problemi ilə bağlı məruzənin hazırlanmasını öz üzərinə götürüb. Bu, ATƏT-in regionda mövcud olan münaqişələrə xüsusi diqqət yetirməsindən xəbər verir. İnanırıq ki, hazırlanacaq məruzə obyektiv xarakter daşıyacaq."

O.Əsədov vurğulayıb ki, rəsmi Bakı ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli üçün səylərini artıracağına ümid edir.

Q.Lenmarker deyib ki, bu gün Cənubi Qafqaz bölgəsi sürətlə inkişaf edir. ATƏT PA-nın sədri bölgəyə səfərinin məqsədləri haqqında məlumat verib.

Söhbətdə regional münaqişələrin həlli yolları, ATƏT-ə üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə, informasiya mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlament sədrinin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti