...

MTN tərəfindən daha bir mütəşəkkil dəstə zərərsizləşdirildi

Siyasət Materials 1 Mart 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotiklərin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqlər Mərkəzinin məlumatında bildirilir ki, dəstə üzvlərindən 60 kq 287,7 qram həşiş götürülüb. Cəlilabad rayon sakinləri Mirxaliq Vəzirov, onun oğlu Elnur Vəzirov, Asif Qürbətov, "Yaşılxan"ləqəbi ilə tanınan Polad Ağayev və hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən Məmməd, Şahzad adlı İran İsalam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni satış üçün qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriblər. Məlum olub ki, bu ilin yanvarında Cəlilabad şəhərində İran vətəndaşı Məmməd və Mirxaliq Vəzirov külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib satmaq barədə sövdələşiblər. Əldə olan razılığa əsasən, M.Vəzirov narkotik vasitəni qəbul etməyi, evində saxlamağı və satış məqsədi ilə Rusiyaya aparacaq Asif Qürbətova təhvil verməyi öhdəsinə götürüb. M.Vəzirov bu cinayəti həyata keçirmək üçün oğlu Elnuru da bu işə cəlb edib.

Məmmədin tapşırığı ilə Şahzad İrandan gətiriləcək narkotik vasitəni satmaqda ona köməklik etmək barədə tanışı Polad Ağayevlə razılığa gəlib. P.Ağayev Şahzaddan götürəcəyi 60 kq 287,7 qram çəkidə olan həşişi 5 min ABŞ dolları müqabilində Cəlilabadın Cəfərli kəndi yaxınlığında qəbul edib. MTN əməkdaşları tərəfindən fevralın 25-də P.Ağayevin Uzuntəpə kəndindəki evinə baxış keçirilərkən həyətdəki ot bağlamalarının arasında gizlədilmiş çəkisi 60 kq 287,7 qram olan həşiş aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanıb. Mirxaliq və Elnur Vəzirovlar, Polad Ağayev və Asif Qürbətov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti