...

"Azadlıq" blokunun həmsədri: "Müsavat Partiyası ilə birgə mitinqlər keçirmək ictimaiyyəti aldadan görüntüdür"

Siyasət Materials 13 Aprel 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" bloku Müsavat Partiyası ilə birgə mitinqlər keçirməyi mənasız və ictimaiyyəti aldadan görüntü hesab edir. Bu barədə müxalifətçi "Azadlıq" blokunun həmsədri Əli Əliyev açıqlama verib.

Müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbər müxalifətin birgə kütləvi aksiyalara başlamasını, birgə mitinq komitəsinin yaradılmasını təklif edib. Əliyev bu çağırışa münasibətini açıqlayarkən qeyd edib ki, Müsavat Partiyasının bu təklifi təbliğat xarakterlidir. "Müsavat Partiyasının hakimiyyətlə mübarizə aparmaq niyyəti yoxdur. Hakimiyyətlə mübarizə mitinqlərdən keçmir, onu seçkilərdə kənarlaşdırmaq lazımdır. Müsavat isə MSK ilə bağlı əməkdaşlığımızı rədd edib, özünün korporativ partiya maraqlarına üstünlük verib" - deyə Əliyev qeyd edib.

"Azadlıq" bloku həmsədrinin fikrincə, Müsavat Partiyası ilə prinsipial məsələlərlə bağlı ortaqlıq olmadığı üçün birgə tədbirlər keçirməkdə də ortaqlıq mümkün deyil.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur. Müxalifətçi Müsavat Partiyası isə beş deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti